Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji mənbələri üzrə yüksək potensial mövcuddur. Muxtar Respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti imkan verir ki, ekoloji cəhətdən təmiz və bərpa olunan alternativ enerji mənbələrindən geniş istifadə edilsin.
Külək enerjisinin inkişafı istiqamətində görüləcək işlərinin davamı olaraq 132/110/35/10 kV Culfa yarımstansiyasına yaxınlığında əkinə yararsız ərazidə ayrılmış sahədə ümumi gücü 0,3 meqavat (MVt) olan Culfa Külək Elektrik Stansiyası (KES) tikilib. Bu ərazidə küləyin orta sürəti 6 m/san-dan artıqdır ki, bu da külək enerjisi üçün əlverişli texniki-iqtisadi potensialın olmasını göstərir.
"Naxçıvan Enerji" MMC-dən Renewables.az-a verilən məlumata görə, istismara verildiyi tarixdən cari ilin iyun ayına qədər 1,087 milyon kVts "yaşıl" enerji istehsal olunub. Cari ilin yanvar-iyun aylarında isə elektrik enerjisi istehsalı 121 min kVts təşkil edib.
2024-cü ildə bu rəqəm 477 min kVts, 2023-cü ildə 471 min kVts olub. 2022-ci ilin noyabr-dekabr aylarında isə elektrik enerjisi istehsalı 18 min kVts təşkil edib.
Qeyd edək ki, Naxçıvanda külək enerjisi gücü cəmi 0,41 MVt-dır (410 kVt). Culfa KES-də hər birinin gücü 30 kVt olan 10 külək turbini var. Bundan əlavə, Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasında hər birinin gücü 10 kVt olan 11 külək turbini fəaliyyətdədir. Hər iki stansiyada mütəmadi olaraq sınaq-sazlama işləri aparılır.
Xatırladaq ki, Culfa KES 31 oktyabr 2022-ci ildə istismara verilib. Stansiyada il ərzində 666,62 min kilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub. Külək turbinlərinin istehsalçısı Çin Xalq Respublikasının “ANE” şirkətidir.