EBRD Azərbaycanda 1,2 GVt gücündə bərpa olunan enerji layihələrini maliyyələşdirib

AZƏRBAYCAN

image

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını minimum 30 %-ə çatdırmaqla bağlı iddialı planını reallaşdırmağa kömək etməyi hədəfləyib. Bunu bankın bərpa olunan enerji mənbələri üzrə baş bankiri Sandro Museridze Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

"Son illər ərzində EBRD Azərbaycanda 1,2 qiqavatt gücündə bərpa olunan enerji layihələrinə investisiya yatırıb və maliyyələşdirib. Bunların arasında "Masdar" şirkəti ilə 230 meqavatlıq günəş elektrik stansiyası layihəsi, "ACWA Power" ilə 240 meqavatlıq layihə, eləcə də iki başqa layihə var. Bunlar Qafqazda kommunal enerji sahəsində ilk iri layihələrdir. Bundan başqa, son illər ərzində Mərkəzi Asiyada bərpa olunan enerjiyə 1,3 milyard ABŞ dollarından çox vəsait yatırmışıq", - S.Museridze qeyd edib.

"Bizim rolumuz birbaşa investisiyalarla məhdudlaşmır: bir çox beynəlxalq kreditorlar bizim iştirakımızla yeni bazarlara investisiya yatırmağa üstünlük verir - bizim bir neçə uğurlu nümunəmiz var. Belə layihələrin həyata keçirilməsi üçün etibarlı elektrik şəbəkəsinin olması da az əhəmiyyət kəsb etmir. 2024-cü ildə Azərbaycan EBRD-nin dəstəyi ilə ilk dəfə bərpa olunan enerji hərracı - 100 meqavatlıq günəş elektrik stansiyaları üçün hərrac keçirib. Bu, sadəcə bir layihə deyil, ölkədə bərpa olunan enerjinin uzunmüddətli rolu haqqında sistemli siqnaldır. Hazırda Azərbaycanla müzakirədə olan bir neçə layihəmiz var. Ümid edirik ki, bu il və ya gələn il onların bir neçəsini ictimaiyyətə açıqlayıb müqavilələr imzalayacağıq", - bankir əlavə edib.

"Enerji sistemini modelləşdirmək üçün biz enerji təhlükəsizliyini və davamlı inkişafı təmin edəcək, eləcə də karbon emissiyalarını azaldacaq ssenariləri nəzərdən keçiririk. Hazırda Azərbaycanda quraşdırılmış gücün 80 %-dən çoxu neft və qazla işləyir. Yalnız iki BOEM-in əlavə edilməsi ilə ildə təxminən 300 min kubmetr qazı azad etmək mümkündür. Bu qaz isə məsələn, hidrogen istehsalında istifadə edilə bilər. Beləliklə, həm imkanlar, həm də çətinliklər var. Lakin mən düşünürəm ki, bazar uyğunlaşır, regional əməkdaşlıq da buna kömək edir. Enerji sistemi təkcə ölkələrin özlərinə deyil, həm də onlar arasında əlaqə kimi lazımdır", - o bildirib.



OXŞAR XƏBƏRLƏR