EDB Qırğız Respublikasının Kulanak SES-in tikintisi üçün maliyyə ayıracaq

7 fevral 2023, 14:32 (UTC+4)
HİDRO
EDITOR
image
Avrasiya İnkişaf Bankı (EDB) Qırğızıstanın Kulanak Su Elektrik Stansiyasının (SES) tikintisi üçün maliyyə ayıracaq. "Renewables.az" xəbər verir ki, bu barədə EDB məlumat yayıb. Məlumata görə, EDB-nin İdarə Heyətinin sədr müavini Ruslan Dalenov və "Naryn" İstehsal Müəssisəsinin direktoru Kutubay Murzabayev Kulanak SES-in tikintisinin maliyyələşdirilməsi haqqında saziş imzalayıb. 100 MVt gücündəki stansiya ildə orta hesabla 435 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. SES-in tikintisi və istismar müddətində 835 iş yeri yaradılacaq.  Su elektrik stansiyası ildə 346 min ton istixana qazı emissiyasının qarşısını alacaq. Qeyd edək ki, layihənin dəyəri 117,989,262 ABŞ dollarıdır. Rusiya-Qırğızıstan İnkişaf Fondu (RKDF) həmçinin EDB ilə bərabər Kulanak SES-in tikintisi və istismarının maliyyələşdirilməsində iştirak etməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR