Elnur Soltanov: Azərbaycanda "yaşıl enerji" ilə ənənəvi enerji arasında bazar rəqabəti güclənir

28 Oktyabr 2026, 13:53 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)

Azərbaycan bir çox sahədə artıq "yaşıl enerji" ilə ənənəvi enerji mənbələri arasında bazar şərtləri çərçivəsində rəqabət apara bilir.

Renewables.Az "Report"a istinadla xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.

Onun sözlərinə görə, lakin bu, həmişə reallaşdırıla bilmir: "Nümunə olaraq qeyd edim ki, 2 qiqavatlıq qoyuluş gücündəki enerji ölkəyə təxminən 2 milyard ABŞ dolları həcmində investisiyanın cəlb olunması deməkdir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Azərbaycana ilk daxil olan şirkətdir. Əslində, o, bizim ən əhəmiyyətli strateji tərəfdaşımızdır və 2028-ci ilədək nəzərdə tutulan 1 giqavatdan artıq qoyuluş gücünün məhz "Masdar" şirkəti tərəfindən həyata keçirilməsi planlaşdırılır. Bununla belə, 2 milyard ABŞ dolları investisiya müqabilində Azərbaycan dövləti öz enerji şəbəkəsini möhkəmləndirmək məqsədilə bu məbləğin beşdə biri qədər resurs ayırmalıdır".

E. Soltanov vurğulayıb ki, şəbəkələr bərpa olunan enerjini sadə şəkildə qəbul etmək imkanına malik deyil: "Çünki şəbəkədə batareya sistemlərinin qurulması zəruridir və bərpa olunan enerji idarəolunan xarakter daşımır. İdarəolunmazlıq elektrik enerjisi kimi "kaprizli" bir məhsula ziyan vurur, belə ki, elektrik enerjisində tarazlıq mütləq qaydada təmin edilməlidir. İstehlak və istehsal həcmləri bir-birinə bərabər olmalıdır. Tarazlığın pozulduğu anda isə "blackout" - yəni bütün sistemin sıradan çıxması ehtimalı yaranır".

Nazir müavini qeyd edib ki, bunun qarşısını almaq üçün dövlət investisiya yönləndirməlidir: "Bu məqamda dövlət-özəl tərəfdaşlığı modeli önə çıxır. Lakin yalnız bərpa olunan enerji sahəsinə yönəlmiş yatırımların həcminə nəzər salmaq kifayət etmir. Dövlətin kifayət qədər böyük enerji, güc, zaman və maliyyə resursları sərf etməsi son dərəcə əhəmiyyətlidir".