Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2025-2026-cı illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) mütəxəssisləri arasında təcrübə mübadiləsi üzrə onlayn formatda görüş keçirilib.
EMTA-nın məlumatına görə, görüşdə həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyinin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin, “Azərenerji” ASC-nin və “Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər.
İlk olaraq işçi qrupun EMTA və EPDK-dan olan həmsədrləri Elmar Güləliyev və Mustafa Yavuzdemir iştirakçıları salamlayaraq, fəaliyyət planı çərçivəsində il ərzində bir sıra tədbirlərin nəzərdə tutulduğunu və bu görüşlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildiriblər.
Tədbirdə EPDK-nın mütəxəssisi Gözdə İşlər tərəfindən “Elektrik enerjisi bazarının liberallaşdırılması sahəsində Türkiyə təcrübəsi” mövzusunda təqdimat nümayiş etdirilib. O, Türkiyədə elektrik enerjisi bazarının liberallaşdırılması istiqamətində atılan addımlar, normativ hüquqi çərçivə və tənzimləmə mexanizmləri, fəaliyyətlərin ayrılması və bazar modelinin formalaşdırılması ilə rəqabət mühitinin inkişafı, həmçinin istehlakçıların hüquqlarının qorunması sahəsində tətbiq olunan yanaşmalar barədə ətraflı məlumat verib.
Görüşün yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Tənzimləmə” İşçi qrupunun 2025-2026-cı illər üzrə Forumlararası Fəaliyyət Planında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2024-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapan bazar subyektlərinin maarifləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərə alaraq görüşlərin təşkil edilməsi planlaşdırılıb.
