Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov “Yaşıl Dəhliz Birliyi” MMC-nin baş direktoru Tural Əliyevi qəbul edib. Bu barədə EMTA məlumat yayıb.
Görüşdə EMTA və “Yaşıl Dəhliz Alyansı” MMC arasında əməkdaşlıq imkanları müzakirə olunub, “Yaşıl Enerji Dəhlizi” təşəbbüsü üzrə planlaşdırılan fəaliyyətlər, sözügedən layihənin tənzimləyici aspektləri və bu çərçivədə EMTA-nın mümkün rolu, elektrik enerjisinin ixracı ilə bağlı infrastruktur və bazar mexanizmləri, texniki və institusional əməkdaşlıq imkanları, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2024-cü il noyabrın 13-də “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişin icrası məqsədilə “Yaşıl Dəhliz Birliyi” MMC yaradılıb.
