Azərbaycanda enerji səmərəliliyinin artırılması və enerji istehlakının optimallaşdırılması istiqamətində intensiv işlər davam etdirilir. Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Kapital Bank ASC arasında imzalanmış müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi çərçivəsində ilk layihə maliyyələşdirilib.
Renewables.az-a EMTA-dan verilən məlumata görə, ilk maliyyələşdirilən layihə bərpa olunan enerji mənbələrindən istifadə istiqaməti üzrə aktiv istehlakçılar tərəfindən günəş panellərinin quraşdırılmasını nəzərdə tutur.
Layihə nəticəsində illik təqribən 50 000 m3 təbii qaza qənaət ediləcəyi və 100 ton karbon emissiyasının qarşısının alınacağı gözlənilir.
Qeyd edək ki, bu il EMTA və Kapital Bank arasında, eləcə də ümumilikdə ölkənin 14 aparıcı bankı arasında müvəkkil kredit təşkilatı vasitəsilə Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Fondun vəsaiti hesabına bank tərəfindən təqdim olunan güzəştli kreditlər fiziki və hüquqi şəxslərə enerji effektivliyi və bərpa olunan enerji mənbələrindən istifadə üzrə layihələrini həyata keçirmək üçün daha əlverişli maliyyələşmə imkanları yaradır.