"Bərpa olunan enerji sahəsi üzrə rəqəmsallaşma" mövzusunda vebinar keçirilib

AZƏRBAYCAN

image

Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerji” İşçi qrupunun təşəbbüsü ilə Türkiyənin “Enerjidə Rəqəmsallaşma Dərnəyi”nin (EDİDER) mütəxəssisləri tərəfindən “Bərpa olunan enerji sahəsi üzrə rəqəmsallaşma” mövzusunda onlayn formatda seminar keçirilib.

Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) məlumat yayıb.

Seminarda ilk olaraq çıxış edən BOEMDA-nın Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev iştirakçıları salamlayaraq, seminarıın təşkili üçün Türkiyə tərəfinə öz dərin təşəkkürünü bildirib və bu kimi seminarların gələcəkdə də aidiyyəti qurumların iştirakı ilə davam etdiriləcəyini vurğulayıb.

Gündəliyə uyğun olaraq Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri, İşçi Qrupun həmsədri Mustafa Çalışkan öz növbəsində tədbirin əhəmiyyəti, Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən enerji əməkdaşlığı üzrə iclas iştirakçılarını məlumatlandırıb.

Sonra seminar “Enerjidə rəqəmsallaşma strategiyaları” mövzusu üzrə Türkiyə tərəfindən "Deloitte CSO & EDİDER"in direktoru Elif Düşmez Tek, "MRC Türkiye" Genel Müdürü, EDİDER YK Üyesi Mehmet Kocaoğlunun və EDİDER-in Başkan Yardımcısı Alper Terciyanlının çıxışları ilə davam edib.

Seminarda ümumilikdə aidiyyəti qurumların 70-dən artıq nümayəndələri iştirak edib.

Sonda mövzu ilə bağlı seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 5-6 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan seminar sabah da təqdimat və müzakirələrlə öz işini davam etdirəcək.



OXŞAR XƏBƏRLƏR