Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasına (Energy Regulators Regional Association - ERRA) üzv qurumların rəhbərlərinin oktyabrın 13-də Ankarada keçirilən görüşündə iştirak edib.
Görüşdə ERRA-ya üzv olan tənzimləyici qurumların qarşılaşdığı aktual məsələlər müzakirə olunub. Tədbir üzv ölkələrdə elektrik enerjisi və qaz təchizatı, bərpaolunan enerji, eləcə də istehlakçılarla bağlı məsələlər barədə iştirakçıların məlumatlandırılması üçün fürsət yaradıb.
Tədbir çərçivəsində baş tutmuş sessiyalarda pərakəndə satış bazarlarının liberallaşdırılması, elektrik enerjisi xərclərinin subsidiyalaşdırılması, liberallaşdırılmış pərakəndə satış bazarlarında qiymətlərin tənzimlənməsinə dair təqdimatlar dinlənilib, bu sahələrdə müxtəlif ölkələrin təcrübəsinə nəzər yetirilib, eləcə də maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin son sessiyasında ERRA-nın komitələrinin hesabatlarının əsas nəticələri dinlənilib.