Azərbaycanın "yaşıl enerji" sahəsindəki planları heyranedicidir.
Bunu Çexiyanın Sənaye və Ticarət Nazirliyinin Enerji bölməsinin baş direktorunun müavini Petr Binhak "Report"a müsahibəsində deyib.
Petr Binhak deyib:
"Avropa məkanında bərpa olunan enerji mənbələri bir-biri ilə əlaqəli iki aspekt - enerji sahəsinin dayanıqlı inkişafı və enerji təhlükəsizliyinin təmin edilməsi prizmasından nəzərdən keçirilir. Bu səbəbdən etibarlı tərəfdaşın olması bizim strateji prioritetlərimizə tam uyğundur. Bununla yanaşı, Avropa İttifaqının bütün Xəzər regionu ilə əməkdaşlığının miqyası gələcəkdə daha da genişlənə bilər, çünki Mərkəzi Asiya dövlətlərinin öz əlavə dəyər zəncirlərinin yaradılmasında maraqlı olduqlarını müşahidə edirik ki, bu da Aİ-nin sənaye sektoru üçün böyük maraq kəsb edir. Xəzər regionu bu transformasiya prosesində mühüm rol oynayır.
Çex Respublikası Azərbaycanın bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılması və ölkənin enerji balansının şaxələndirilməsi kursunu təqdir edir. Günəş, külək və su enerjisi layihələrinin həyata keçirilməsi vasitəsilə 2030-cu ilə qədər 6,5 QVt gücündə bərpa olunan enerji stansiyalarının istifadəyə verilməsi hədəfi ölkənin "yaşıl keçid" strategiyasına sadiqliyini nümayiş etdirir. Azərbaycanın əlverişli təbii-iqlim şəraitini, ilk növbədə, günəş və dəniz külək enerjisi seqmentini nəzərə alsaq, bu planları həyata keçirilməsi tamamilə mümkün görünür. Avropa ölkələri mövqeyindən baxsaq, bərpa olunan enerjinin inkişafı həm dayanıqlıq prinsipləri, həm də uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsi məqsədləri ilə sıx bağlıdır. Bu kontekstdə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa İttifaqının elektrik enerjisi bazarı ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş "Yaşıl enerji dəhlizi" kimi təşəbbüslər bizim üçün böyük maraq kəsb edir.
Regional sistemlərarası əlaqələrin gücləndirilməsi və Avropanın ötürücü şəbəkələri ilə inteqrasiya uzunmüddətli perspektivdə enerji sisteminin dayanıqlığının artırılmasına və enerji təchizatı mənbələrinin genişləndirilməsinə töhfə verə bilər. Biz praktiki əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensial görürük. Çexiya müəssisələri mühəndislik xidmətləri, yüksək keyfiyyətli avadanlıqların istehsalı, hidroenergetika sektoru üçün komponentlərin, o cümlədən turbinlərin tədarükü, şəbəkə infrastrukturunun yenilənməsi, ağıllı enerji sistemlərinin tətbiqi və enerji saxlama həllərinin işlənib hazırlanması kimi istiqamətlərdə töhfə verməyə hazırdırlar. Bundan başqa, biz bərpa olunan enerji mənbələri texnologiyaları, bioenerji, tullantıların enerjiyə çevrilməsi texnologiyaları, eləcə də hidrogen dəyər zəncirləri sahəsində təcrübə mübadiləsinə açığıq.
Yuxarıda qeyd olunan bütün komponentlər mühüm əhəmiyyət kəsb edir və vahid bir sistem əmələ gətirir - istehlakçılar üçün etibarlı, qiymət baxımından sərfəli və ekoloji cəhətdən dayanıqlı enerji təmin edir ki, bu da öz növbəsində, sənaye sektorunun rəqabət qabiliyyətini və nəticə etibarilə iqtisadi rifahı dəstəkləyir. Çexiyanın coğrafi mövqeyi nəzərə alınmaqla, ölkə Aİ daxilində hidrogen "qovşağı" funksiyasını yerinə yetirməyə qadirdir, çoxillik sənaye ənənəsi sayəsində isə aşağı karbonlu və "yaşıl hidrogen" milli sənaye kompleksinin transformasiyası üçün bir vasitədir.
Karbohidrogen resursları ilə yanaşı, Çexiya bərpa olunan enerji mənbələrini və qabaqcıl texnologiyaları ikitərəfli əməkdaşlığın ən perspektivli sahələrindən biri kimi nəzərdən keçirir. Biz həmçinin Avropa İttifaqına neft və qaz tədarükünün şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu vurğulayırıq. Çexiya müəssisələri bərpa olunan enerji, enerji səmərəliliyinin artırılması, eləcə də ağıllı və ekoloji cəhətdən təmiz texnologiyaların inteqrasiyası sahəsində böyük təcrübəyə malikdir. Onlar öz təcrübələrini və innovativ həllərini bölüşməklə Azərbaycana bərpa olunan enerji potensialının artırılmasında, infrastrukturun modernləşdirilməsində və uzunmüddətli enerji dayanıqlığı və təhlükəsizliyinin təmin edilməsində kömək edə bilərlər.
Çexiya enerji tədarükünün şaxələndirilməsi və beynəlxalq enerji əlaqələrinin gücləndirilməsinə töhfə verən layihələrə dəstək göstərir. Biz Azərbaycan-Türkiyə interkonnektoru kimi təşəbbüsləri daha geniş kontekstdə - təkcə potensial elektrik enerjisi axınları baxımından deyil, həm də texnoloji əməkdaşlıq və sənaye iştirakı üçün imkanlar yarada biləcək təşəbbüs kimi qiymətləndiririk. Çexiya müəssisələri yüksək gərginlikli avadanlıqlar, yarımstansiyalar və şəbəkə texnologiyaları da daxil olmaqla elektrik enerjisi sahəsində çoxillik təcrübəyə malikdir və bu istiqamətdə inkişafı diqqətlə izləməyə davam edirlər. Məqsədəuyğun olduqda, Çexiya şirkətləri uzunmüddətli və davamlı tərəfdaşlığın təməlini qoyaraq öz təcrübələrini, bilik və beynəlxalq nou-haularını bölüşməyə hazırdırlar".
