"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunda ötən ilin oktyabrında quraşdırılmış günəş panelləri vasitəsilə indiyədək 112 082 kilovat-saat (kVts) enerji hasil olunub.
Bəzi günlərdə enerji hasilatı 700–800 kVts səviyyəsinə yaxınlaşıb.
Hesablamalara əsasən, ötən müddətdə təxminən 80 tona yaxın karbon qazı (CO₂) emissiyasının qarşısı alınıb. Bu, ekoloji baxımdan təxminən 6100 ağacın qorunmasına bərabər fayda deməkdir. Həmçinin 43.9 ton daş kömürə qənaət olunub ki, bu da enerji hasilatında fosil (qalıq) yanacaqlardan istifadənin azalmasını göstərir.
Qeyd edək ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunun 512 kvadratmetr ərazisində hər biri 690 Vt gücündə olan 162 ədəd günəş paneli quraşdırılıb.
Onu da əlavə edək ki, günəş panellərinin fasiləsiz və effektiv işləməsini təmin etmək məqsədilə sistemə texniki baxış keçirilib. Bu çərçivədə "DAM Enerji" MMC tərəfindən panellərin, inverterlərin və digər avadanlıqların ümumi sazlığı yoxlanılıb,həmçinin panellərin təmizlənməsi və yuyulması işləri yerinə yetirilib.

