Nazirlər Kabineti Hacıqabul rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilməsi haqqında müvafiq qərarlar qəbul edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmrlər imzalayıb.
Qərarlara əsasən, qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə Hacıqabul rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 320 və 321 hektar olmaqla ümumilikdə 641 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Qərarlar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahələrində günəş elektrik stansiyasının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.
Bundan başqa, Hacıqabul Rayon İcra Hakimiyyəti qərarların 3-cü hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərarların icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.
Xatırladaq ki, Haqıqabul rayonunda 160 MVt gücündə günəş elektrik stansiyası layihəsini "SOCAR Green" və Çinin "PowerChina Resources Ltd." şirkəti birgə həyata keçirir.
