Azərbaycan Prezidenti cənab İlham Əliyevin qlobal nüfuzu, dostluğa və etimada əsaslanan çoxtərəfli əməkdaşlıq siyasəti ölkəmizin “yaşıl enerji” sahəsindəki hədəflərinin reallaşmasına davamlı dinamizm qazandırır. Bunun bariz nümunəsi kimi bu ilin aprelində Pekində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasını göstərmək olar. Bu sənəd bərpa olunan enerji sahəsində əməkdaşlıqda yeni mərhələnin əsasını qoydu.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.
"Quruda günəş, dənizdə külək enerjisi, hidroakkumulyasiya və batareya saxlama sistemləri, eləcə də elektrik şəbəkəsi infrastrukturuna dair çoxsaylı müqavilələrin imzalanması, “China Energy Engineering Corporation Limited” şirkəti ilə əməkdaşlığın strateji səviyyəyə yüksələrək hərtərəfli xarakter alması və 2032-ci ilədək Çin şirkətləri ilə ümumi gücü azı 1000 MVt olan layihələrin həyata keçirilməsinə başlanması bu istiqamətdə atılan mühüm addımlardandır. Yaxud 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Anlaşma Memorandumu enerji sahəsində sərmayələrin artırılması və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsini Strateji Tərəfdaşlıq Xartiyasının prioritet istiqamətlərindən biri kimi təsbit edərək, “yaşıl enerji” ilə bağlı regional baxışımıza əlavə güclü stimul verir. Həmçinin əldə olunmuş tarixi razılaşma əsasında Zəngəzur dəhlizini əhatə edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşdırılması uzun illərdən sonra Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsini bərpa etməklə yanaşı, regionlararası “yaşıl enerji” inteqrasiyasının genişlənməsinə və Orta Dəhliz boyunca “yaşıl enerji” qurşağının formalaşmasına yeni imkanlar açır", - məqalədə qeyd olunub.