Kəlbəcər və Laçında özəl investisiyalar hesabına 13 MVt gücündə 4 kiçik su elektrik stansiyası tikilir

AZƏRBAYCAN
HİDRO
YAŞIL ENERJİ ZONASI

image

Hazırda Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində özəl investisiyalar hesabına 13 MVt gücündə 4 kiçik su elektrik stansiyasının tikintisi davam edir, 2026-cı ildə isə 5 əlavə stansiyanın istifadəyə verilməsi planlaşdırılır. 

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Qeyd edilib ki, su elektrik stansiyaları Qarabağ və Şərqi Zəngəzur bölgəsinin “təmiz enerji” təminatının əsas mənbəyidir. Ötən il istehsal olunan 573 milyon kVt·saat elektrik enerjisinin 40 faizi regionun daxili tələbatını ödəyib, 60 faizi isə ölkənin ümumi enerji sisteminə ötürülüb. Su elektrik stansiyalarının ümumi gücünün 500 MVt-a çatdırılması planına uyğun olaraq, indiyə qədər 307 MVt  gücündə 38 stansiya istismara verilib. Bu, il ərzində 800 milyon kVt·saatdan  çox “yaşıl enerji”nin istehsalı, 200 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, istixana qazı emissiyalarının isə 400 min tondan çox azalması deməkdir. 

Məqalədə yazılıb ki, Araz çayı üzərində 100 MVt gücündə “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisinə başlanması üçün tender prosesinə hazırlıq görülür. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək və damüstü panellər hesabına istehsal gücünün 1,6 QVt-a çatması gözlənir, bu isə daxili tələbatdan iki dəfə artıq enerjinin “Cəbrayıl” enerji qovşağı vasitəsilə ixracına və bölgədə yeni imkanların yaranmasına yol açacaq.



OXŞAR XƏBƏRLƏR