Ələt Azad İqtisadi Zonasında tikiləcək günəş panelləri müəssisəsi layihələndirmə mərhələsindədir

AZƏRBAYCAN
GÜNƏŞ

image

Tezliklə Ələt Azad İqtisadi Zonasında Çin şirkəti tərəfindən günəş panellərinin istehsalına başlanılacaq.

Bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov "İTV Xəbər"ə açıqlamasında deyib.

O bildirib ki, artıq mühəndisi-geoloji tədqiqat işləri yekunlaşıb və hazırda layihələndirmə mərhələsindədir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin avqustun 31-də Çinin Tiencin şəhərində "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşüb.

Bu ilin sentyabrın 9-da Baş nazirin müavini, Azərbaycan - Çin Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Çendu şəhərində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə Çinin yüksək texnologiyalı şirkətlərindən olan “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” arasında Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə İnvestisiya Sazişi imzalanıb.

Sazişə əsasən, şirkət Ələt Azad İqtisadi Zonasında lazımi infrastruktur və kommunikasiyalarla təmin olunmuş 23 hektarlıq hazır sənaye torpaq sahəsində üç müasir istehsal müəssisəsi inşa edəcəkdir. Müəssisələrdə illik 3 qiqavat (QVt) istehsal gücünə malik günəş panelləri, həmçinin silisium kristalları və komponentləri istehsal olunacaq. Bu müəssisədə istehsal ediləcək günəş panelləri eyni zamanda şirkət tərəfindən Ələt Azad İqtisadi Zonasında inşa olunacaq Günəş Elektrik Stansiyasının tikintisində də istifadə ediləcək. Məhsulların əksər hissəsi qlobal bazarlara ixrac ediləcək, bu isə Azərbaycanın bərpaolunan enerji istehsalı üzrə strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək.



OXŞAR XƏBƏRLƏR