Cəbrayıl rayonunun Şahvəlli kəndində tikiləcək “Şəms” Günəş Elektrik Stansiyası layihəsinin dəyəri 63 milyon manat təşkil edəcək. Layihə 130 ha ərazidə yerləşəcək.
50 MVt gücündə olan stansiyanın illik istehsal həcmi 100 milyon kVts təşkil edəcək.
Enerji satışı "Azərenerji" ASC vasitəsilə Virtual Enerji Mübadiləsi şəklində olacaq. Bu, Azərbaycanda ilk yerli özəl investor və özəl şirkətlər arasında bağlanmış sənaye miqyaslı virtual enerji alqı-satqı (VPPA) müqaviləsidir. Enerji alıcısı qismində iki yerli özəl şirkət və "Azərenerji" ASC çıxış edir.
Orta illik Performans Əmsalı 85 % təşkil edərək, beynəlxalq orta göstəricilərinin ən üst həddindədir.
Layihə beynəlxalq mütəxəssislər tərəfindən maliyyə və texniki validasiyadan keçib. Layihə çərçivəsində yerli podratçı şirkətlər ilə əməkdaşlıq qurulub.
İnvestisiya təşviqinə əsasən güzəştli vergilər, gömrük rüsumu və ƏDV-dən tam azadolunma tətbiq olunur. Nəticədə investisiya gəlirliliyi əmsalına 9 % müsbət təsir göstərilib.
Layihə ilə bağlı yerli maliyyə institutları ilə əməkdaşlıq imkanları üzrə danışıqlar davam edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub.
                        
  