Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji mənbələri üzrə yüksək potensial mövcuddur.
Naxçıvan Enerji MMC-dən Renewables.az-a verilən məlumata görə, Muxtar Respublikada hidroenerji potensialından istifadə məqsədilə 68,4 MVt gücündə beş su elektrik stansiyası (SES) istismara verilib.
2025-ci ilin 6 ayında muxtar respublikada hidroenerji istehsalı 80 milyon kVts-dan çox olub.
Araz SES Araz çayının üzərində, onun sol qolu olan Naxçıvan çayının töküldüyü yerdən 5 km aşağıda Azərbaycan-İran sərhəddində yerləşir.
Layihə gücü 22 meqavat olan stansiya 3 oktyabr 1971-ci ildə zəmanət istifadəsinə, 1973-cü ildən isə tam istifadəyə verilmişdir. Stansiyada il ərzində 86,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulmuşdur. Stansiya uzun illər əhalinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayıb. İstifadə edilən suya görə stansiya orta təzyiqli, konstruksiyasına görə isə qapalı tipli stansiyalara aid edilir.
Araz SES-in istehsal etdiyi elektrik enerjisinin müqayisəli göstəricisi:
2025-ci il (yanvar-iyun): 42,930 milyon kVts;
2024-ci il: 65,705 milyon kVts;
2023-cü il: 46,411 milyon kVts;
2022-ci il: 48,348 milyon kVts;
2021-ci il: 52,381 milyon kVts;
2020-ci il: 64,961 milyon kVts.
Biləv SES Ordubad rayonu ərazisində Gilançay üzərində tikilib quraşdırılmış və 2010-cu ilin oktyabr ayının 5-də istismara verilmişdir. Stansiyanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Stansiyanın tam güclə işləməsi üçün kanala 10,5 kub.m/san su ötürülməlidir. Bununla yanaşı gələn suyun miqdarı 1 kub.m/san-dən az olduqda belə stansiyada elektrik enerjisi istehsal olunur. 20 MVt qoyuluş gücü olan stansiyada il ərzində 50 milyon kVts elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulmuşdur.
Biləv SES-in istehsal etdiyi elektrik enerjisinin müqayisəli göstəricisi:
2025-ci il (yanvar-iyun): 15,862 milyon kVts;
2024-ci il: 53,335 milyon kVts;
2023-cü il: 26,560 milyon kVts;
2022-ci il: 24,088 milyon kVts;
2021-ci il: 36,362 milyon kVts;
2020-ci il: 42,915 milyon kVts.
Tikintisinə 2011-ci ildə başlanmış, Şərur rayonu ərazisində 150 milyon kubmetr su tutumlu Arpaçay su anbarının suyundan istifadə etməklə 20,5 meqavat güclü Arpaçay-1 SES-də tikinti-quraşdırma işləri 2013-cü ildə başa çatdırılmışdır. Stansiyada 1100 m uzunluqlu 3,9 m diametri olan tunel qazılıb, betonlaşdırılmış, suqəbuledici qurğuda qapılar qoyulmuş, stansiya üçün bina tikilmiş, turbinlərə suyu ötürmək üçün yüksəktəzyiqli metal boru quraşdırılmışdır.
Stansiyada il ərzində 51 milyon kilovatsaat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulmuşdur. Stansiya 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilmişdir.
Arpaçay-1 SES-in istehsal etdiyi elektrik enerjisinin müqayisəli göstəricisi:
2025-ci il (yanvar-iyun): 18,306 milyon kVts;
2024-ci il: 45,439 milyon kVts;
2023-cü il: 19,120 milyon kVts;
2022-ci il: 25,977 milyon kVts;
2021-ci il: 33,198 milyon kVts;
2020-ci il: 41,069 milyon kVts.
Şərur rayonu ərazisində Arpaçay Su Anbarının aşağı gölü üzərində gücü 1,4 meqavat olan Arpaçay-2 SES cəmi bir il ərzində tikilib quraşdırılmış və 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilmişdir.
Avropa birliyi ölkələrində istehsal olunmuş turbinlər, generatorlar, avtomatika, rele mühafizəsi və idarəetmə qurğuları qoyulmuş bu stansiyada il ərzində 3,6 milyon kVt-saata qədər elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulmuşdur.
Arpaçay-2 SES-in istehsal etdiyi elektrik enerjisinin müqayisəli göstəricisi:
2025-ci il (yanvar-iyun): 246 min kVts;
2024-ci il: 1,317 milyon kVts;
2023-cü il: 327 min kVts;
2022-ci il: 727 min kVts;
2021-ci il: 871 min kVts;
2020-ci il: 1,050 milyon kVts.
“Heydər Əliyev” Su Anbarı üzərində olan Elektrik Stansiyasında 2 ədəd hər birinin gücü 2 meqavat və 1 ədəd gücü 0,5 meqavat olan hidroturbinlər qoyulmuşdur. 2006-cı ilin iyul ayında stansiyada sınaq-sazlama işləri yekunlaşdırılmış və enerjisistemə qoşulmuşdur. Stansiyada istehsal olunan enerjini 35 kV-luq “Şahbuz” elektrik verilişi xəttinə qoşmaq üçün qoyulmuş güc transformatorları, paylayıcı quruluşlar Türkiyə Respublikasının, turbin və generatorlar isə Fransa Respublikasının istehsalıdır. Stansiyada il ərzində 12 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulmuşdur.
4,5 MVt gücündə “Heydər Əliyev” Su Anbarı üzərində olan Elektrik Stansiyasının istehsal etdiyi elektrik enerjisinin müqayisəli göstəricisi:
2025-ci il (yanvar-iyun): 2,891 milyon kVts;
2024-ci il: 9,656 milyon kVts;
2023-cü il: 1,970 milyon kVts;
2022-ci il: 2,675 milyon kVts;
2021-ci il: 6,759 milyon kVts;
2020-ci il: 7,076 milyon kVts.
Qeyd edək ki, 2025-ci ilin birinci yarımilində Naxçıvanda istehsal edilən elektrik enerjisinin 36 %-i su elektrik stansiyalarının payına düşüb.





