Naxçıvanın yüksək günəş enerjisi potensialı: stansiyalar və enerji istehsalı (FOTO)

AZƏRBAYCAN
GÜNƏŞ

image

Naxçıvan MR-da müşahidə edilən yüksək günəş radiasiyası ölkə üzrə birincidir və bütün fəsillərdə günəş ener­jisindən istifadə imkanı mövcuddur. Muxtar respublikanın yerləşdiyi əlve­rişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə günəş enerji­sindən istifadə imkanları daha çox ön pla­na çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miq­darı 2600-2800 saat, hər kvadratmetrə düşən günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat–saat (kVts) təşkil edir. 

"Naxçıvan Enerji" MMC-dən Renewables.az-a verilən məlumata görə, muxtar respublikada günəş elektrik stansiyaların ümumi qoyuluş gücü 39,4 MVt təşkil edir. Naxçıvanda istismarda olan günəş stansiyaları cari ilin birinci yarımilində 30,7 milyon kVts elektrik enerjisi istehsal edib.

Babək rayonu ərazisində 20 MVt güclü Naxçıvan Günəş Elektrik Stansiyası (GES) 2015-ci ilin 30 noyabında istismara verilib. 20 MVt gücündə GES-in layihə gücü 2017-ci ilin sentyabr ayının 8-də daha 2 MVt artırılaraq 22 MVt-a çatdırılmışdır. Stansiyada il ərzində 33 milyon kVts elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.

Naxçıvan GES-in istehsal etdiyi enerjinin müqayisəli göstəricisi:

  • 2025-ci il (yanvar-iyun): 16,670 milyon kVts;
  • 2024-cü il: 32,793 milyon kVts;
  • 2023-cü il: 34,300 milyon kVts;
  • 2022-ci il: 33,900 milyon kVts;
  • 2021-ci il: 34,300 milyon kVts;
  • 2020-ci il: 33,500 milyon kVts.

Kəngərli rayonu ərazisində 2 MVt güclü Kəngərli GES- layihə gücü 2020-ci ilin iyul ayının 8-də 3 MVt artırılaraq 5 MVt-a çatdırılmış, il ərzində 7,5 milyon kVts elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.

Kəngərli GES-in istehsal etdiyi enerjinin müqayisəli göstəricisi:

  • 2025-ci il (yanvar-iyun): 3,873 milyon kVts;
  • 2024-cü il: 7,812 milyon kVts;
  • 2023-cü il: 8,200 milyon kVts;
  • 2022-ci il: 8,200 milyon kVts;
  • 2021-ci il: 8,300 milyon kVts;
  • 2020-ci il: 7,500 milyon kVts.

Şərur rayonunun Zeyvə kəndi ərazisində Şərur GES-in layihə gücü artırılaraq 11 MVt-a çatdırılıb. Stansiyada il ərzində 16,5 milyon kVts elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub. Bu da Şərur rayonunun elektrik enerjisinə olan tələbatının 65-70 %-i deməkdir.

Şərur GES-in istehsal etdiyi enerjinin müqayisəli göstəricisi:

  • 2025-ci il (yanvar-iyun): 9,012 milyon kVts;
  • 2024-cü il: 17,643 milyon kVts;
  • 2023-cü il: 16,100 milyon kVts;
  • 2022-ci il: 12,500 milyon kVts;
  • 2021-ci il (may-dekabr): 6,400 milyon kVts.

Qeyd edək ki, cari ilin I yarımilində Naxçıvanda günəş enerjisi istehsalı ümumi elektrik enerjisi istehsalının 13 faizi təşkil edib.

Əlverişli günəş radiasiyasına və 5000 MVt həcmində bərpa olunan enerji potensialına malik Naxçıvanda külək və günəş enerjisi üzrə təqribən 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın ixracı strateji hədəflərdəndir.

Xatırladaq ki, "Masdar", "TotalEnergies", "Nobel Energy", "Notus", "Czech Engineering" şirkətləri muxtar respublikada günəş enerjisi layihələri icra edəcək.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR