Naxçıvanda "Yaşıl enerji zonası"nın yaradılması məqsədilə ümumi gücü təxminən 530 meqavat (MVt) olan iki günəş elektrik stansiyasının (GES) inşası ilə bağlı investorlarla danışıqlar aparılır. Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
O, "A-Z Czech Engineering" şirkəti ilə təxminən 500 MVt gücündə GES-in tikintisi və elektrik enerjisinin Türkiyəyə ixracı üçün şəbəkə yaradılması imkanlarının araşdırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalandığını xatırladıb.
"Bundan əlavə, ‘Nobel Energy" şirkəti ilə Naxçıvanda 30 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi barədə Saziş imzalanıb", – Agentliyin direktor müavini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan üçün növbəti addım 2027-2030-cu illər üçün strategiyanın işlənib hazırlanması olacaq.
"Azərbaycanın 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyasının "yaşıl artım"la bağlı beş prioritetindən biri bunları əhatə edir: enerji sektorunda, tənzimləyici mühitdə strateji planlaşdırma; bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi; "yaşıl enerji zonaları" və "yaşıl enerji dəhlizləri"nin yaradılması; bərpa olunan enerjinin inteqrasiyası və enerji saxlanc sistemlərinin tətbiqi; enerji təchizatı sistemlərinin təkmilləşdirilməsi; enerji səmərəliliyinin artırılması", - R.Hümbətova əlavə edib.
