Şimali Makedoniya bərpa olunan enerji mənbələrinin inteqrasiyası sahəsində Azərbaycanın təcrübəsi ilə maraqlanır. Bunu "Report"a müsahibəsində Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və minerallar naziri Sanya Bojinovska deyib.
Nazir qeyd edib: "Əməkdaşlıq potensialı böyükdür, xüsusilə günəş və külək enerjisi sahəsində. Şimali Makedoniya bərpa olunan enerji mənbələrinin milli enerji sisteminə inteqrasiyası sahəsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirir və bu strateji əhəmiyyətli sahədə öz potensialını gücləndirməyə imkan verəcək tərəfdaşlığa açıqdır. Qlobal enerji çağırışları və dekarbonizasiya öhdəlikləri şəraitində biz milli enerji sektorunun transformasiyası üzərində fəal işləyirik: "yaşıl enerji"nin payını artırır, enerji səmərəliliyini yüksəldir və texnoloji innovasiyaların tətbiqini dəstəkləyirik. Azərbaycanla ikitərəfli əməkdaşlığın həqiqətən də böyük perspektivləri var. Xüsusilə, bu, BOEM sahəsində birgə layihələrin hazırlanması, bilik və texnologiyaların mübadiləsi, həmçinin "yaşıl keçid"in uğurla həyata keçirilməsinə kömək edəcək əlverişli normativ-hüquqi və investisiya mühitinin formalaşdırılmasına aiddir...
Qərbi Balkanlar üçün İnvestisiya Platformasının dəstəyi ilə Serbiya-Makedoniya interkonnektoru üçün hidrogenlə bağlı tədqiqat aparılır. Tədqiqatın 2025-ci ilin III rübündə başa çatması gözlənilir. Tədqiqat hidrogenə tələbatın qiymətləndirilməsini, BOEM texnologiyaları ilə inteqrasiyanı, onun saxlanmasını, nəqliyyat və sənayedə istifadəsini əhatə edir. Həm Serbiyanın, həm də ölkəmizin Panavropa hidrogen şəbəkəsində mühüm rol oynayacağı gözlənilir. Tədqiqat Makedoniya və Serbiyanın enerji sektorlarında hidrogen potensialı ilə bağlı tövsiyələrin hazırlanmasına yönəlib, burada artan tələbi ödəmək üçün hidrogen idxalına potensial tələbata xüsusi diqqət yetirilir. Buna görə də biz tədqiqatın nəticələrini gözləməli, bundan sonra hidrogen sahəsində Azərbaycanla əməkdaşlıqla bağlı növbəti addımları nəzərdən keçirməliyik..."
"Rəsmi məlumatlara görə, 2024-cü il üçün bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının quraşdırılmış gücü belədir: fotoelektrik stansiyalar - 848 MVt, külək elektrik stansiyaları - 82 MVt, su elektrik stansiyaları - 720 MVt, bioqaz elektrik stansiyaları - 12 MVt, biokütlə elektrik stansiyaları - 1 MVt. Son illərdə BOEM-in tətbiqinə maraq əhəmiyyətli dərəcədə artıb, bu da daxili elektrik enerjisi istehsalının strukturunda dəyişikliyə səbəb olub. Təkcə son dörd ildə 1 201 yeni elektrik stansiyası inşa edilib, onlardan 345 günəş stansiyası 2024-cü ilin payına düşür. Ölkəmiz dayanıqlı enerjiyə keçid və iqlim öhdəliklərinin icrası çərçivəsində BOEM-in inkişafı ilə bağlı qarşısına iddialı hədəflər qoyub. Milli Enerji və İqlim Planında kömürdən tədricən imtina, köhnəlmiş istilik elektrik stansiyalarının bağlanması və onların ekoloji cəhətdən təmiz alternativlərlə əvəz edilməsi mühüm yer tutur. Günəş və külək enerjisinə investisiyalar uzunmüddətli dayanıqlılıq və enerji müstəqilliyinin əsas amilləri kimi nəzərdən keçirilir. Paralel olaraq, Aİ-nin Emissiya Ticarət Sistemi (ETS) ilə uzlaşdırılmış karbon qiymətqoyma mexanizminin tətbiqinə hazırlıq gedir. Bu tədbir zərərli emissiyaların azaldılmasına və "yaşıl iqtisadiyyat"ın inkişafının stimullaşdırılmasına yönəlib. BOEM-ə dəstək siyasətini elektromobillər sahəsində təşəbbüslər və ekoloji cəhətdən təmiz və səmərəli mobilliyin əsasını təşkil edən dayanıqlı nəqliyyat modellərinin yaradılması tamamlayır. Bərpa olunan enerji sektorunun inkişafı xarici investisiyaların əhəmiyyətli dərəcədə artması ilə müşayiət olunur. Beynəlxalq şirkətlər və maliyyə təşkilatları BOEM sahəsində layihələrin həyata keçirilməsinə və institusional islahatların dəstəklənməsinə fəal şəkildə qoşulur. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "Ədalətli enerji keçidi" platforması vasitəsilə kömürdən imtina üzrə strateji tərəfdaşdır. Almaniyanın KfW bankı texniki yardım göstərir və "yaşıl" layihələri, xüsusilə enerji səmərəliliyi sahəsində layihələri maliyyələşdirir. Dünya Bankı, Fransa İnkişaf Agentliyi (AFD), IFC və UNDP də hökumətin həyata keçirdiyi enerji islahatlarının dəstəklənməsində aparıcı rol oynayır".
Nazir deyib ki, Black Sea Energy sualtı enerji kabeli layihəsi Avropa və Qafqaz arasında əlaqəni gücləndirdiyi üçün böyük strateji əhəmiyyət kəsb edir. Şimali Makedoniya uzaqlığına görə birbaşa iştirakçı olmasa da, təşəbbüsü böyük maraqla izləyir. O, həmçinin əlavə edib ki, hazırda Qarabağa dair enerji layihələri ilə bağlı konkret danışıqlar aparılmır.