240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası noyabr ayında istifadəyə veriləcək.
Bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə çıxışı zamanı bildirib.
Qeyd olunub ki, Azərbaycan 2030-cu ilədək şəbəkənin maksimum inkişaf imkanlarına uyğun olaraq 2,7 QVt gücündə külək- günəş elektrik stansiyalarının inşasını planlaşdırır. Bu addım ölkəmizdə bərpa olunan enerjinin quraşdırılmış gücünü üç dəfə artıraraq 4 QVt-a çatdırmaqla, 3,2 milyon ton istixana qazı emissiyasının qarşısını alacaq. Növbəti iki il ərzində şəbəkəyə 10 yeni stansiya və 2 QVt-lıq bərpa olunan enerji gücünün idarə olunması üçün 250 MVt gücündə və 500 MVt/saat saxlama həcminə malik batareya sistemləri inteqrasiya ediləcək. Bu stansiyalardan biri, 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası isə noyabr ayında istifadəyə veriləcək. Həmçinin 2030-cu ilədək Qarabağ və Şərqi Zəngəzurda hidro, günəş, külək stansiyalari və damüstü panellər hesabına istehsal gücünün 1,6 QVt-a çatacağı, nəticədə 2 milyon tondan çox emissiyanın azaldılacağı bildirilib.