Bərpaolunan enerji də böyük potensiala malik sahələrdən biridir. Bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
"Artıq beynəlxalq və yerli şirkətlərlə imzalanmış müqavilələr 2032-ci ilədək ölkəmizə 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal gücü qazandıracaq. Bu, minimum göstəricidir. Söhbət niyyət protokollarından deyil, artıq imzalanmış konkret müqavilələrdən gedir və bu rəqəm gələcəkdə daha da artacaq. Hazırda biz ötürücü xətlərin yaradılması və enerji ixracı istiqamətində çalışırıq, çünki qeyd etdiyim kimi, bu qədər enerjiyə ehtiyacımız olmayacaq. Buna görə də enerjiyə ehtiyacı olan bazarlara, ilk növbədə, Avropaya enerji ötürülməsini təmin edəcək infrastruktur üzərində işləyirik. Hamıya məlumdur ki, Avropanın uzun illər ərzində elektrik enerjisinə böyük ehtiyacı olacaq", - Prezident İlham Əliyev qeyd edib.
