İstifadəyə verildiyi gündən gücü 230 meqavat olan "Qaradağ" günəş elektrik stansiyası (GES) artıq 900 milyon kVts-dan artıq "yaşıl enerji" istehsal edib. Bunu BƏƏ-nin "Masdar" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" tədbiri zamanı bildirib.
"Biz tezliklə mühüm mərhələni - 1 milyard kVts "yaşıl enerji"ni qeyd edəcəyik. Bu, xüsusilə əlamətdardır, çünki həyata keçirilən zaman layihə bütün MDB məkanında ən böyük günəş elektrik stansiyası idi", - M. Sadıxov deyib.
Qeyd edək ki, 2020-ci il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında icra sazişi imzalanıb. Sənəd "Masdar"ın Azərbaycanda 230 MVt gücündə GES tikintisi üzrə pilot layihəni həyata keçirməsini nəzərdə tutur. Bununla bağlı 6 aprel 2021-ci il tarixində bir tərəfdən Azərbaycan Energetika Nazirliyi və "AzərEnerji" ASC, digər tərəfdən isə "Masdar" şirkəti arasında investisiya sazişi, elektrik enerjisinin alqı-satqı müqaviləsi və paylama şəbəkəsinə qoşulma müqaviləsi imzalanıb.
Xəzər regionunda və MDB məkanında ən böyük GES-lərdən biri olan stansiya Ələt kəndindən 9 km şimal-qərbdə tikilib.
İlkin hesablamalara görə, stansiya ildə 500 milyon kVts elektrik enerjisi istehsal edəcək, 110 milyon kubmetr təbii qaza qənaət edəcək, 200 min tondan artıq karbon emissiyasının qarşısını alacaq, 110 min evi elektrik enerjisi ilə təmin edəcək.
Layihənin ümumi dəyəri təxminən 200 milyon ABŞ dolları təşkil edir və tamamilə xarici investisiyalar hesabına həyata keçirilib. 2022-ci il martın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və BƏƏ-nin energetika və infrastruktur naziri Süheyl Əl Mazruinin iştirakı ilə "Qaradağ" GES-in təməlqoyma mərasimi olub.
