Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmiş “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” beynəlxalq konfransının “İqlimə davamlı şəhərlər: dayanıqlı şəhər inkişafı üçün bərpa olunan enerji sistemlərinin inteqrasiyası” mövzusunda keçirilən panel sessiyasında çıxış edib.
Renewables-a bu barədə BOEMDA-dan məlumat verilib.
Çıxış zamanı elektrik enerjisi istehsalı üzrə qoyuluş gücündə bərpa olunan enerjinın payının 2033-cu ilə qədər 38 %-ə, 2035-ci ilə qədər 42.5 %-ə çatdırılması planlaşdırıldığını bildirərək hal-hazırda ötürücü şəbəkədə bərpa olunan enerjinin inteqrasiyası əlaqədar aparılan tədqiqlar barədə məlumat verib.
Əlavə olaraq aktiv istehlakçıların və elektrik doldurma məntəqələrinin şəbəkəyə qoşulması ilə əlaqədar Dünya Bankı tərəfindən texniki dəstək çərçivəsində həyata keçirilən paylayıcı elektrik şəbəkəsinin modernləşdirilməsi və elektrikli nəqliyyat vasitələri üçün enerji doldurma infrastrukturunun genişləndirilməsi üzrə tədqiqat barədə danışıb.
Daha sonra işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan və digər şəhərlərdə yenidənqurma işləri çərçivəsində bərpa olunan enerji mənbələrinin, həmçinin damüstü günəş sistemlərinin və yolların işıqlandırılmasında enerji səmərəliliyi texnologiyalarının tətbiqi barədə ətraflı məlumat verib. Eyni zamanda auditoriyadan daxil olmuş suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Bakı Şəhərsalma Həftəsi 2026” platformasının əsas tədbirlərindən biridir.
