Regional enerji bağlantıları layihələrinin icra vəziyyəti barədə məlumat açıqlanıb

25 sentyabr 2026, 17:45 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image
Foto: Energetika Nazirliyi

Energetika naziri Pərviz Şahbazov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Regional enerji bağlantıları və yaşıl keçid: çağırışlar və imkanlar” mövzusunda çıxış edib.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Nazir müasir geosiyasi və geoiqtisadi reallıqlarda enerji bağlantılarının strateji əhəmiyyətinin artdığını, elektrik şəbəkələrinin, enerji saxlanc sistemlərinin və yaşıl enerji dəhlizlərinin XXI əsrin yeni enerji xəritəsini formalaşdırdığını bildirib. Qeyd edib ki, rəqəmsallaşma və elektrikləşmə fonunda enerjitələbatının artması, bərpa olunan enerjinin şəbəkələrə inteqrasiyası və enerji təhlükəsizliyinin təmin edilməsi zərurəti ölkələrarası elektrik enerjisi bağlantılarının inkişafını strateji prioritetə çevirir.

Nazir ümumi ötürmə gücü 4 QVt olan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının layihənin həyata keçirilməsinin mümkünlüyünü təsdiqlədiyini bildirib. Qeyd edilib ki, yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi, dəhlizin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və 2040-cı ildə tam gücü ilə fəaliyyətə başlaması hədəflənir. Azərbaycanı Macarıstanla birləşdirən dəhlizin vahid layihə kimi Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) Onillik Şəbəkə İnkişaf Planının layihəsinə daxil edildiyi, yaxın günlərdə isə Avropa İttifaqının Qarşılıqlı Maraq Doğuran Layihə (PMI) statusunun alınması üçün müraciət olunacağı diqqətə çatdırılıb.

Çıxışda digər regional enerji bağlantıları layihələrinin icra vəziyyəti barədə də məlumat verilib. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin mayında yekunlaşdırılmasının, dəhlizin isə 2032-ci ildən istismara verilməsinin nəzərdə tutulduğu bildirilib. “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə Hökumətlərarası Sazişin COP31 çərçivəsində imzalanmasının planlaşdırıldığı qeyd edilib.

Renewables.az