Yaşıl keçid və dayanıqlı inkişaf həm Çin, həm də Azərbaycan üçün prioritetdir.
Bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirib.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey çıxış edərək dedi:
"Hörmətli Prezident, Zati-aliləri.
Hörmətli qonaqlar, xanımlar və cənablar, salam, sabahınız xeyir.
240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışında iştirak etməkdən olduqca məmnunam. Bu, böyük nailiyyətdir və bərpaolunan enerji sektorunda Çin, Azərbaycan və Səudiyyə Ərəbistanının uğurlu əməkdaşlığının bariz nümunəsidir. Mən belə bir mühüm layihənin həyata keçirilməsinə görə Azərbaycandakı Çin səfirliyi adından sizə təbriklərimi çatdırıram. Belə bir mühüm layihənin həyata keçirilməsinə dəstək vermiş bütün dostlara, yorulmadan çalışan və uğurlar qazanan bütün tərəflərə səmimi təşəkkürümü bildirirəm. Burada Çinin "Power China", Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətlərinə minnətdaram ki, onlar bu inanılmaz uğurun qazanılmasında yorulmaz fəaliyyət göstərmişlər. Yaşıl keçid və dayanıqlı inkişaf həm Çin, həm də Azərbaycan üçün prioritetdir. Hər iki tərəf məhz yaşıl və aşağıkarbonlu inkişaf, enerjinin inkişafı sahəsində Anlaşma Memorandumu imzalamışlar. Azərbaycan COP29 tədbirinə uğurla sədrlik etmişdir və o vaxtdan etibarən yaşıl enerji sahəsində inkişafa sadiq qalır. Bu, həmçinin aparıcı qlobal yaşıl enerjinin inkişafında Azərbaycanın çox mühüm rolunu göstərir.
Çin və Azərbaycan bu gün yaxşı dostlar və etibarlı tərəfdaşlardır. İllər boyu müxtəlif sahələrdə aparılan məhsuldar əməkdaşlıq bizim hərtərəfli münasibətlərimizin inkişafına böyük təkan vermişdir və xalqlarımızın faydasına xidmət edir. Prezident İlham Əliyev ötən il Çinə iki dəfə səfər etmişdir və Sədr Si Cinpin ilə hərtərəfli strateji tərəfdaşlığın məhz qurulması ilə bağlı Birgə Bəyannaməyə imza atmışdır. Beləliklə, iki ölkə arasında münasibətlərdə yeni bir səhifə açılmışdır. Məhz Sədr Si Cinpinin və Prezident İlham Əliyevin birgə rəhbərliyi ilə Çin və Azərbaycan əhatəli strateji tərəfdaşlığı inkişaf etdirir. Bu işlər sürətlə gedir. Bu, siyasi qarşılıqlı iradəyə əsaslanır və bizim praqmatik əməkdaşlığımız tarixən ən yüksək səviyyəyə çatmışdır. Məhz ikitərəfli iqtisadi-ticari əməkdaşlığımızın miqyasına gəldikdə, bu gün o davam edir, infrastruktur, yaşıl enerji, rəqəmsal innovasiyalar və maşınqayırma sahələrinə investisiyalar yatırılır. Biz “Bir kəmər, bir yol” layihəsində də çox yüksək səviyyədə əməkdaşlıq edirik. O cümlədən Çin-Avropa dəmir yolu bağlantısı və Trans-Xəzər dəhlizi istiqamətində işlər sürətlə davam edir və burada Azərbaycanın rolu güclənir.
Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı mətbuata verdiyi müsahibəsində qeyd edildiyi kimi, Çin şirkətləri Azərbaycanda bərpaolunan enerjinin inkişafı sahəsində fəaldırlar və Azərbaycan Çin şirkətlərini strateji tərəfdaş kimi seçib. Bu da onların peşəkarlığı, işinin keyfiyyəti və layihənin sürətlə icra olunması ilə bağlıdır. Bu layihə, əslində, Azərbaycanda həyata keçirilən ilk və çox böyük külək elektrik enerjisi layihəsidir. Bir halda ki, bu artıq istismara verilir, deməli, 300 minə yaxın ailə məhz bundan faydalanacaqdır. Bu, Azərbaycanın, həmçinin regionun səmərəli və davamlı inkişafına dəstək olacaqdır.
Yaşıl inkişaf hər zaman Çində müasirləşmənin bir hissəsi olubdur. Biz artıq XV beşillik planımıza başladığımız bir vaxtda Çin yaşıl enerjinin inkişafını prioritetləşdirən məsələlərə xüsusi diqqət yetirir. Çin iqtisadiyyatı qlobal səviyyədə artır və daha dayanıqlı şəkildə inkişaf edir. Çinin elm və texnologiya sahəsində dayanıqlı şəkildə əldə etdiyi nailiyyətlər bu gün qlobal iqtisadiyyata yeni bir güc gətirir. Ən vacibi isə odur ki, Çinin texnoloji innovasiyası inklüzivdir və hamı üçün açıqdır. Buna görə də biz istərdik ki, Çinin inkişaf imkanlarını da sizinlə bölüşək, Azərbaycanla və Səudiyyə Ərəbistanı ilə mübadilə edək.
Yekun olaraq vacib bir məsələni qeyd edim. 2026-cı ili biz “At İli” kimi qeyd edirik. Çin mədəniyyətində bu, uğur deməkdir. Biz bu ildə Azərbaycana da uğur arzu edirik. Bir halda ki, at varsa və həmin ünvana gəlirsə, deməli, o, özü ilə uğur gətirir. İstərdik ki, Azərbaycanda da uğurlar bol olsun.
Çox sağ olun".
