Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

AZƏRBAYCAN

image

Prezident İlham Əliyev sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, "Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası" təsdiq edilib.

Qaydaya uyğun olaraq, sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Tarif (qiymət) Şurasının müəyyən etdiyi ödənişin 50 %-i qədər dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödəniləcək. Fərman indiyə qədər elektrik şəbəkəsinə qoşulan sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinə şamil edilmir.

Nazirlər Kabineti subsidiyanın 2027–2030-cu illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Qaydaya uyğun olaraq, elektrik şəbəkəyə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılmasını təşkil etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman 1 yanvar 2027-ci ildən qüvvəyə minir və 31 dekabr 2030-cu ilə qədər qüvvədədir.

Subsidiya sahibkarın müraciəti əsasında ödənilir.

Elektrik şəbəkəsinə qoşulmaya görə ödənişlər aşağıdakı şərtlər əsasında subsidiyalaşdırılır:

- hüquqi şəxslərə münasibətdə – nizamnamə kapitalında dövlətin iştirak payı 30 %-dən az olduqda;

- sahibkar Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmadıqda;

- sahibkarın vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmadıqda;

- təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkarlanmadıqda.

Subsidiyalaşdırmanın şamil edildiyi sənaye və kənd təsərrüfatı sahələri aşağıdakılardır:

1. Bitkiçilik və heyvandarlıq, ovçuluq

2. Balıqçılıq və balıqartırma

3. Qida məhsulları istehsalı

4. İçki istehsalı

5. Tütün məmulatları istehsalı

6. Toxuculuq sənayesi

7. Geyim istehsalı

8. Dəri və dəri məmulatları, ayaqqabı istehsalı

9. Mebeldən başqa, ağacın emalı və ağacdan məmulatlar və tıxac istehsalı, hopdurma və

hörmə materiallar istehsalı

10.Kağız və karton istehsalı

11.Kimya sənayesi

12.Əczaçılıq məhsulları istehsalı

13.Rezin və plastik məmulatlar istehsalı

14.Digər qeyri-metal mineral məhsulların istehsalı

15.Metallurgiya sənayesi

16.Maşın və avadanlıqdan başqa, hazır metal məmulat istehsalı

17.Kompüter, elektron və optik məhsullar istehsalı

18.Elektrik avadanlığı istehsalı

19.Maşın və avadanlıq istehsalı

20.Avtomobil, qoşqu və yarımqoşqu istehsalı

21.Sair nəqliyyat vasitələrinin istehsalı

22.Mebel istehsalı

23.Digər sənaye məhsullarının istehsalı



OXŞAR XƏBƏRLƏR