Süni intellekt və enerji sistemi: data mərkəzlərinin yaratdığı yeni qlobal güc mərkəzi

DÜNYA

image

Son onilliklərdə elektrik enerjisi tələbinin artımı əsasən sənaye, urbanizasiya və nəqliyyat sektorları ilə əlaqələndirilirdi. Lakin yeni dövrdə artımın əsas amillərindən biri rəqəmsal infrastruktur, xüsusilə süni intellekt əsaslı data mərkəzləri olacaq.

Renewables Beynəlxalq Enerji Agentliyinin (IEA) yayımladığı "Enerji və süni intellekt" hesabatına əsasən araşdırıb ki, qlobal enerji sistemində baş verən struktur dəyişikliklərini daha aydın göstərir. Süni intellekt artıq yalnız texnoloji inqilab deyil, elektrik enerjisi bazarının əsas formalaşdırıcı faktorlarından birinə çevrilir. Xüsusilə data mərkəzlərinin sürətli genişlənməsi enerji tələbinin dinamikasını köklü şəkildə dəyişir və bu dəyişiklik artıq qlobal miqyasda hiss olunur.

Hesabatın ən diqqətçəkən göstəricilərindən biri investisiya axınlarıdır. 2025-ci ildə böyük texnologiya şirkətlərinin data mərkəzlərinə yönələn kapital xərcləri 400 milyard ABŞ dollarını keçib və 2026-cı ildə bu rəqəmin əlavə 75 % artması gözlənilir. Bu investisiya artımı birbaşa enerji tələbinin yüksəlməsi ilə paralel gedir: data mərkəzlərinin elektrik istehlakı 2025-ci ildə 485 teravat-saat (485 milyard kilovat-saat) təşkil edib ki, bu 17 % artım deməkdir. 2030-cu ildə bu göstəricinin 950 teravat-saata qədər artacağı proqnozlaşdırılır.

IEA-nın analizinə görə, bu artımın əsas amili süni intellektdir (AI). AI sistemləri üçün hesablama gücünün sürətlə artması elektrik istehlakını yeni mərhələyə keçirir. Hesabata əsasən, ümumi data mərkəzlərinin elektrik istifadəsi 2030-cu ilə qədər 2 dəfə, AI yönümlü data mərkəzlərinin enerji tələbi isə 3 dəfə artacaq. Bu isə enerji tarixində çox qısa zaman kəsiyində baş verən ən sürətli struktur dəyişikliklərdən biri kimi qiymətləndirilir.

Maraqlı paradoks ondan ibarətdir ki, AI sistemlərinin özləri daha səmərəli olur. Hesabata görə, bir AI əməliyyatı üçün enerji sərfi sürətlə azalır və hesablama səmərəliliyi enerji tarixində görünməmiş sürətlə yaxşılaşır. Lakin eyni zamanda AI istifadə sahələri genişlənir, xüsusilə enerji intensiv “AI agentləri” və avtomatlaşdırılmış sistemlər daha çox yayılır. Nəticədə səmərəlilik artımı ümumi istehlakı azaltmaq əvəzinə onu daha da yüksəldir.

Bu proses enerji sistemlərində ciddi təzyiq yaradır. Data mərkəzləri artıq bir çox regionda elektrik tələbinin əsas artım mənbəyinə çevrilib və bu, şəbəkə planlaşdırmasını çətinləşdirir. Eyni zamanda, təchizat zəncirində də ciddi gərginlik müşahidə olunur: qaz turbinləri, transformatorlar, qabaqcıl çiplər və digər enerji və IT komponentləri üzrə çatışmazlıqlar artır. Bu vəziyyət yeni data mərkəzi layihələrinin sürətini məhdudlaşdırır, çünki həm istehsal, həm də icazə mexanizmləri eyni anda təzyiq altındadır.

Buna baxmayaraq, AI sektoru enerji bazarında aktiv oyunçuya çevrilir. 2025-ci ildə texnologiya şirkətləri bütün korporativ bərpa olunan enerji müqavilələrinin təxminən 40 %-ni imzalayıb. Bu, onların artıq yalnız enerji istehlakçısı deyil, həm də enerji investoru olduğunu göstərir. Paralel olaraq, nüvə və yeni enerji texnologiyalarına maraq da sürətlə artır. Kiçik modul nüvə reaktorları (SMR) üzrə data mərkəzləri ilə bağlı şərti layihələr 25 GVt-dan 45 GVt-a yüksəlib ki, bu da bir il ərzində kəskin artım deməkdir.

Şəbəkə məhdudiyyətləri səbəbilə bir çox data mərkəzi, xüsusilə ABŞ-da, yerində qazla işləyən enerji istehsalına yönəlir. Lakin IEA-nın peyk əsaslı monitorinqi göstərir ki, bu layihələrin böyük hissəsi hələ ilkin mərhələdədir və həm texniki, həm də maliyyə baxımından ciddi çətinliklərlə üzləşir. Ən kritik problem isə enerji tələbinin qeyri-sabit olmasıdır: AI data mərkəzləri çox qısa müddətdə böyük yük dəyişiklikləri yaradır, bu isə qaz stansiyalarının stabil işləməsini çətinləşdirir. Buna görə də batareya əsaslı enerji saxlama sistemləri yeni nəsil data mərkəzləri üçün kritik texnologiyaya çevrilir.

IEA-nın icraçı direktoru Fatih Birol bildirir ki, “AI olmadan enerji yoxdur” prinsipi artıq reallığa çevrilib. Onun sözlərinə görə, AI artıq yalnız enerji istehlakçısı deyil, eyni zamanda yeni nəsil nüvə reaktorları, elastik data mərkəzləri və uzunmüddətli enerji saxlama sistemləri kimi innovasiyaları sürətləndirən gücdür. Eyni zamanda, IEA yaxın zamanda hökumətlər və sənaye arasında enerji və AI mövzusunda davamlı dialoq platforması yaradacağını da açıqlayıb.

Hesabatın digər mühüm nəticəsi ondan ibarətdir ki, AI sənaye məhsuldarlığını artırmaqla yanaşı enerji xərclərini də azalda bilər. Sübut edilmiş tətbiqlərə əsasən, AI enerji intensiv sənayelərdə şirkətlərin enerji xərclərini 3-10 faiz bəndi azaldır. Lakin enerji sektoru özü hələ bu potensialdan tam istifadə etmir və əsas maneələr rəqəmsal bacarıq çatışmazlığı və məlumat əlçatanlığıdır.

Sosial və iqtisadi aspektdə isə data mərkəzləri artıq enerji qiymətləri ilə bağlı ictimai narahatlıqların mərkəzinə çevrilib. IEA qeyd edir ki, düzgün siyasət və investisiya olduqda elektrik tələbinin artması avtomatik qiymət artımı yaratmır. Lakin data mərkəzlərinin sürətli və yüksək konsentrasiyalı yük yaratması yeni generasiya gücləri və şəbəkə investisiyalarına ehtiyac yaradır ki, bu da enerji əlçatanlığı məsələsini daha həssas edir.

Ümumilikdə, IEA-nın yeni hesabatı göstərir ki, süni intellekt artıq enerji keçidinin paralel xətti deyil, onun əsas hərəkətverici qüvvələrindən biridir. 2025–2030 dövründə elektrik tələbinin artımının əhəmiyyətli hissəsi məhz data mərkəzlərindən qaynaqlanacaq və bu, enerji sistemlərinin planlaşdırılmasını, investisiya axınlarını və texnoloji prioritetləri köklü şəkildə dəyişdirəcək. AI dövrü artıq başlamayıb, o, enerji sistemini yenidən yazmağa başlayıb.



OXŞAR XƏBƏRLƏR