Səudiyyəli nazir müavini: Regional interkonnektor təşəbbüsləri, həmçinin yaşıl dəhliz üzrə əməkdaşlıq üçün geniş imkanlar görürük

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

Biz, həmçinin regional enerji təhlükəsizliyini artıra biləcək, təmiz enerjinin daha geniş bazarlara ixracını mümkün edəcək regional interkonnektor təşəbbüsləri, həmçinin yaşıl dəhliz üzrə əməkdaşlıq üçün geniş imkanlar görürük.

Bunu Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirib.

Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani çıxış edərək dedi:

"Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Zati-aliləri Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının bu gün açılışında sizinlə olmaq şərəfdir.

Bərpaolunan enerji sahəsində bu aparıcı layihə Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlığın gücünü və dərinliyini nümayiş etdirir. Krallıq bunları, bu tərəfdaşlığı xüsusən energetika sahəsində uzunmüddətli strateji münasibətlər kimi görür. Tərəfdaşlığımız daha geniş, sistemli əməkdaşlığa doğru fərdi layihələrin hüdudlarını keçir. Mövcud çərçivə sazişlərində əlavə külək gücləri, o cümlədən elektrik enerji şəbəkəsinin çevikliyini və etibarlığını artırmaq üçün batareyalarda enerji saxlanılması sistemləri əsasında quruda və dənizdə həyata keçiriləcək layihələri nəzərdə tutan uzunmüddətli inkişaf yolu əks olunur. Bu, dayanıqlı energetika sistemlərinin planlaşdırılması və inkişafı sahəsində ümumi öhdəliyimizi göstərir. Əməkdaşlığımız enerji istehsalından əlavə, həmçinin elektrik enerjisinin ötürülməsini, şəbəkənin inteqrasiyasını və kadr hazırlığını əhatə edir. Krallıq enerji stansiyaları sisteminin planlaşdırılması, bərpaolunan enerjinin şəbəkəyə daxil edilməsi və enerjinin ötürülməsi işlərinin inkişafında ekspert biliklərini Azərbaycanla mübadilə etmək üçün ölkənizlə sıx çalışır.

Biz, həmçinin regional enerji təhlükəsizliyini artıra biləcək, təmiz enerjinin daha geniş bazarlara ixracını mümkün edəcək regional interkonnektor təşəbbüsləri, həmçinin yaşıl dəhliz üzrə əməkdaşlıq üçün geniş imkanlar görürük.

Biz, həmçinin gələcək təşəbbüsləri, o cümlədən planlaşdırılan 200 meqavatlıq külək enerjisinin genişləndirilməsi layihəsində enerjinin batareyada tam yığılmasında və nəhayət, regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək Xəzərdə külək potensialının qiymətləndirilməsində əldə olunmuş irəliləyişi alqışlayırıq. Bu təşəbbüslər güclü tərəfdaşlıq və etibarlı texniki təməl əsasında Azərbaycanı regional təmiz enerji qovşağına çevirməkdə ümumi məqsədimizin təzahürüdür.

Zati-aliləri, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsi aydın mesaj verir ki, Səudiyyə Ərəbistanı və Azərbaycan nəinki bugünkü enerji layihələrinin icrasında, o cümlədən dayanıqlı enerji sistemlərinin gələcəyində tərəfdaşdırlar. Burada qarşılıqlı etimad, güclü təsisatlar, həmçinin iqtisadi inkişaf, enerji təhlükəsizliyi və ətraf mühit üzrə məsuliyyət sahələrində ümumi öhdəliklər nəzərdə tutulur.

Səudiyyə Ərəbistanı Krallığının Hökuməti adından mən Azərbaycan Respublikasının Hökumətinə, tərəfdaşlarımıza, həmçinin bu layihənin uğurlu olmasına töhfə vermiş bütün şəxslərə dərin təşəkkürümüzü çatdırıram. Biz gələn illərdə bu əməkdaşlığı daha yüksək səviyyədə davam etdirməyi və tərəfdaşlığımızı inkişaf etdirməyi səmimiyyətlə arzulayırıq. Sağ olun".



OXŞAR XƏBƏRLƏR