Azərbaycanda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və enerji resurslarından səmərəli istifadə dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu məqsədlə ölkədə enerji effektivliyinin artırılması, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində ardıcıl addımlar atılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılan Enerji Effektivliyi Fondu da bu siyasətin mühüm alətlərindən biridir. Fondun vəsaitlərinin idarə edilməsini Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir.
EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov Enerji Effektivliyi Fondunun fəaliyyəti, enerji effektivliyinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə “AZƏRTAC” və “Trend” informasiya agentliklərinə müsahibə verib.
- Enerji Effektivliyi Fondunun yaradılmasının əsas məqsədi nədir?
- Enerji Effektivliyi Fondu Azərbaycan Respublikası Prezidentinin 1 mart 2024-cü il tarixli, 13 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi enerji resurslarından səmərəli istifadənin təmin edilməsi, eyni zamanda, enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqidir.
- Fondun vəsaitləri hesabına enerji effektivliyinin təşviqi məqsədilə hansı stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?
- Enerji effektivliyinin təşviqi məqsədilə fondun vəsaitləri hesabına həyata keçiriləcək stimullaşdırıcı tədbirlər müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsi, enerji effektivliyi üzrə pilot layihələrin tətbiqi, həmçinin qrant və subsidiyaların ayrılmasdır. Pilot layihələrin əsasən dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrində həyata keçirilməsi, subsidiyalar vasitəsilə isə enerji effektivliyi tədbiri ilə bağlı xərclərin müəyyən bir hissəsinin maliyyələşdirilməsi nəzərdə tutulur. Subsidiyalardan əsasən məcburi enerji auditi subyektləri və dövlət mülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları üzrə idarəedici təşkilatları yararlana bilər.
Qrantların isə başlıca olaraq ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında enerji effektivliyi sahəsində aparılan elmi araşdırmaların və tədqiqatların təşviqi məqsədilə ayrılması nəzərdə tutulub.
- Qeyd etdiniz ki, stimullaşdırıcı tədbirlərdən biri də güzəştli kreditlərin verilməsidir. Kreditlərin faiz dərəcəsi, müddəti və məbləği barədə məlumat verə bilərsinizmi? Bu kreditlərdən kimlər yararlana bilər?
- “Enerji Effektivliyi Fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”na əsasən, 1 000 manatdan 50 000 manatadək kiçikhəcmli kreditlər, 50 001 manatdan 1 000 000 manatadək ortahəcmli kreditlər, 1 000 001 manatdan 10 000 000 manatadək isə böyükhəcmli kreditlər olaraq təsnifləşdirilib. Kiçikhəcmli kreditlərin 5 ilədək, ortahəcmli kreditlərin 10 ilədək, böyükhəcmli kreditlərin isə 15 ilədək müddətə verilməsi nəzərdə tutulur. Hazırkı mərhələdə əlçatanlığın təmin edilməsi məqsədilə kreditlərin illik faiz dərəcəsi 5 faiz həddində müəyyənləşdirilib və bu kreditlərdən həm fiziki, həm də hüquqi şəxslər yararlana biləcək.
- Energetika Nazirliyinin 22 yanvar 2026-cı il tarixli Kollegiya Qərarı ilə “Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair Tələblər” təsdiqlənib. Sözügedən sənəd barədə məlumat verə bilərsinizmi?
- Kollegiya Qərarı ilə təsdiq edilmiş bu sənəddə yuxarıda adıçəkilən stimullaşdırıcı tədbirlər – pilot layihələr, qrant, subsidiya və güzəştli kreditlər üzrə hədəf qrupları, stimullaşdırıcı tədbirlərin əhatə dairəsi, habelə bu tədbirlər çərçivəsində tətbiq edilməsi nəzərdə tutulan enerji effektivliyi texnologiyaları və onlara dair tələblər ətraflı şəkildə öz əksini tapıb.
- Sözügedən stimullaşdırıcı tədbirlərin hansı istiqamətlər üzrə həyata keçirilməsi planlaşdırılır?
- Enerji effektivliyi üzrə tədbirlərin keçiriləcəyi istiqamətlər “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 15.2-ci maddəsində öz əksini tapıb. Bu istiqamətlərə enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi, elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi, enerji menecmenti sisteminin, ağıllı sayğacların və sistemlərin, kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi və bərpaolunan enerji mənbələrindən istifadə aid edilib.
Həmçinin Energetika Nazirliyinin Kollegiya Qərarı ilə təsdiq edilmiş “Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair Tələblər”də yuxarıda qeyd olunan hər bir istiqamət üzrə müvafiq enerji effektivliyi texnologiyaları və tədbirləri təsbit olunub. Enerji effektivliyi üzrə texnologiyalara və tədbirlərə misal olaraq, binalarda izolyasiyanın həyata keçirilməsini, müasir tələblərə cavab verən istilik sistemlərinin quraşdırılmasını, mövcud istilik sistemlərinin enerji effektivliyi baxımından təkmilləşdirilməsini, aktiv istehlakçılar üçün Günəş panellərinin və “off-grid” rejimli bərpaolunan enerji mənbələrinin tətbiqini, yüksək effektivli işıqlandırma sistemlərinin quraşdırılmasını göstərmək olar.
- Enerji Effektivliyi Fondu çərçivəsində həyata keçirilən bu addımların ölkə iqtisadiyyatına və vətəndaşlara uzunmüddətli faydası nə olacaq?
- Enerji Effektivliyi Fondu çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan enerji səmərəliliyi tədbirləri nəticəsində, ilk növbədə ölkə üzrə istehlak olunan enerji resurslarına qənaət olunması və enerji xərclərinin azaldılması hədəflənir. Bu isə öz növbəsində, vətəndaşların ailə büdcələrinə, eləcə də ölkədə fəaliyyət göstərən müəssisələrin maliyyə vəziyyətinə öz müsbət təsirini göstərəcək. Ümumiyyətlə, enerji səmərəliliyi tədbirləri mövcud resurslardan daha effektiv istifadə imkanı yaradacaq.
Eyni zamanda, bu proseslər ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır. Enerji istehlakının optimallaşdırılması karbon emissiyalarının azalmasına, daha təmiz ətraf mühitin formalaşmasına və Azərbaycanın beynəlxalq iqlim öhdəliklərinə də öz töhfəsini verir.
Nəticə etibarilə, Enerji Effektivliyi Fondu yalnız maliyyə mexanizmi deyil, həm də ölkədə enerjidən səmərəli istifadə mədəniyyətinin formalaşdırılmasına, innovativ texnologiyaların tətbiqinə və dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş strateji alətdir.
