Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub.
“Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qazaxıstanın “Samruk-Kazına Milli Rifah Fond”u Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Nurlan Jakupov mübadilə etdilər.
"Samruk Kazına"nın məlumatına görə, imzalanmış saziş çərçivəsində tərəflər bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi də daxil olmaqla, enerji sahəsində birgə layihələr portfelini müəyyən etməyi planlaşdırırlar. Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu minoritar səhmdar qismində çıxış edəcək.