Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə "SOCAR Green" şirkəti bərpa olunan enerji sahəsi ilə bağlı ekspertiza istiqamətində Azərbaycanı regionun əsas ölkəsinə çevirmək istəyir. Bunu "SOCAR Green" MMC-nin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, "SOCAR Green"in üç fərqli əməliyyat sahəsi var: "Birincisi, yaşıl və aşağı karbonlu layihələrin inkişafı və idarə edilməsidir. Buraya bərpa olunan enerji sahəsi, bioyanacaqlar daxildir. Bundan başqa, söhbət həm də "yaşıl hidrogen", geotermal enerji, karbonun tutulması və saxlanılmasından gedir. İkinci məqsədimiz SOCAR-ın dekarbonizasiya hədəflərini dəstəkləməkdir. Bunun üçün biz ölkə daxilində və potensial olaraq ölkə xaricində müxtəlif SOCAR aktivləri ilə işləyirik. SOCAR 2035-ci ilə qədər emissiya intensivliyini 30 %, 2035-ci ilə qədər mütləq emissiyaları 20 % azaltmaq və 2050-ci ilə qədər sıfır emissiya öhdəliyi götürüb. Sonuncu fəaliyyət istiqamətimiz isə ekspertiza toplamaq və birləşdirməkdir".
O qeyd edib ki, Azərbaycanda bərpa olunan enerji sahəsində ekspertiza mütəxəssisi çatışmazlığı problemi var: "Bərpa olunan enerji Azərbaycan üçün olduqca yeni mövzudur və biz çox zaman Azərbaycanda ekspertiza səviyyəsinin kifayət qədər aşağı olması ilə üzləşirik. Bu o deməkdir ki, həyata keçirmək istədiyimiz hər hansı layihə üçün biz təkcə texnologiyanı deyil, həm də bir çox ekspert idxal etməli olacağıq. Biz Azərbaycanda ekspertiza toplamaq və bərpa olunan enerji və "yaşıl texnologiya"lar istiqamətində Azərbaycanı regional ekspertiza mərkəzinə çevirmək istəyirik".
O xatırladıb ki, Azərbaycan 2027-ci ilə qədər əsasən günəş və külək enerjisi sahələrində iki GVt-a qədər generasiya gücünü istismara verməyi planlaşdırır.
"Bərpa olunan enerji mənbələrinin inkişafının birinci mərhələsini pilot mərhələ adlandırardım, çünki texnologiyalar Azərbaycan üçün yeni idi. İndi Azərbaycan ikinci - daha yetkin mərhələyə keçid edir ki, bu da bərpa olunan enerji mənbələri layihələrinin tərtibatçıları tərəfindən gücləndirilmiş nəzarəti nəzərdə tutur. Belə həllərdən biri batareya saxlanc sistemləri olacaq", - Tarqulayev bildirib.
O əlavə edib ki, birinci mərhələdə "dövlət bütün bərpa olunan enerji mənbələri layihələrinin balanslaşdırılmasına görə məsuliyyəti öz üzərinə götürüb, buna görə də Azərbaycanda 250 MVt gücündə enerji saxlanc sistemi yaradılır, bu sistem 2027-ci ildə şəbəkəyə inteqrasiya olunacaq".
"İkinci mərhələdən başlayaraq enerji saxlanc sistemlərinin tətbiqi artıq investorlara həvalə edilir, çünki dəyişkən mənbələr - günəş və külək qeyri-sabitdir və şəbəkənin dayanıqlığına təsir edir. İkinci mərhələ (2030-2032-ci illərə qədər) əsasən texnologiyaların yetkinliyinə: bərpa olunan enerji mənbələrinin enerji saxlanc sistemləri ilə birlikdə enerji sisteminə inteqrasiyasına və qismən elektrik enerjisinin qonşu ölkələrə ixracına həsr olunub. 2032-ci ildən sonra artıq uzunmüddətli mərhələdən - enerji ixracatçısı mərhələsindən danışmaq mümkün olacaq. Bu, Azərbaycanın əvvəllər neft və qaz ixracatçısı olduğu kimi, "yaşıl enerji" ixracatçısına çevrilməklə bağlı son hədəfidir", - Tarqulayev əlavə edib.
Onun sözlərinə görə, bu mərhələdə layihələr meqavatt miqyasında deyil, giqavatt miqyasında həyata keçiriləcək.
"Məndə olan məlumata görə, Energetika Nazirliyi artıq 2040-cı ilədək 4 giqavata qədər bərpa olunan enerjinin mərhələli şəkildə ixracı üçün həyata keçirmə, mənbələrin bölüşdürülməsi strukturunun yaradılması və plan-qrafik üzərində məsləhətçilərlə işləyir. Bu qədər "yaşıl enerji" son dərəcə diqqətli planlaşdırma tələb edəcək, çünki bərpa olunan enerji mənbələri qeyri-sabitdir və inteqrasiyanın rahat keçməsi və layihənin uğurlu olması üçün düşünülmüş tətbiq qrafiki tələb edir", - mütəxəssis bildirib.