İspaniya şirkəti Azərbaycanın külək layihəsi üçün Xəzərdə tədqiqatlara cəlb olunub

AZƏRBAYCAN
KÜLƏK

image

İspaniyanın "EOLOS Floating Lidar Solutions" şirkəti Azərbaycanda həyata keçirilən dəniz külək enerjisi layihəsi çərçivəsində Xəzər dənizində ilk dəfə külək ölçmə kampaniyasına start verib.

Şirkətin sosial şəbəkə hesabında yayılan məlumata görə, ölçmə işləri Azərbaycan Respublikasının Energetika Nazirliyi və "Azerbaijan Green Energy Company" (AGEC) tərəfindən həyata keçirilən ümumi gücü 600 MVt olan dəniz külək elektrik stansiyalarının tikintisi layihəsi çərçivəsində aparılır.

Bildirilib ki, EOLOS Xəzər regionunda ilk dəfə olaraq Azərbaycanın Xəzər dənizindəki sektorunda üzən LIDAR sistemi vasitəsilə genişmiqyaslı dəniz ölçmə kampaniyasına başlayıb. Şirkət bu tədqiqat işlərinin icrası üzrə müqaviləni 2026-cı ilin yanvar ayında layihə çərçivəsində elan edilmiş tenderin nəticələrinə əsasən əldə edib.

Ölçmə kampaniyası çərçivəsində külək parametrlərinin, meteookeanoqrafik göstəricilərin və biofouling proseslərinin monitorinqi üçün xüsusi avadanlıqlarla təchiz olunmuş FLS200 üzən LIDAR sistemi layihə sahəsinin mərkəzində yerləşdirilib. Bundan əlavə, ərazi boyunca dənizin dibində cərəyanların və dalğaların ölçülməsi üçün əlavə cihazlar quraşdırılıb. Kampaniyanın bir il davam edəcəyi və əldə olunacaq məlumatların turbinlərin seçilməsi, eləcə də təməl konstruksiyalarının müəyyənləşdirilməsi üçün əsas rol oynayacağı qeyd olunur.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Energetika Nazirliyi ilə AGEC-in törəmə şirkəti olan Clean Energy Capital arasında ilkin gücü 200 MVt, ümumi gücü isə 600 MVt nəzərdə tutulan dəniz külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və icrası üzrə icra sazişi imzalanıb. Sazişə əsasən, Clean Energy Capital Xəzər dənizində ayrılmış akvatoriyada zəruri tədqiqatların aparılmasını öhdəsinə götürüb.

Qeyd edək ki, Azərbaycan 2032-ci ilə qədər quruda və dənizdə ümumilikdə 8 QVt külək enerjisi gücünün istismara verilməsini planlaşdırır. World Bank tərəfindən hazırlanmış Dəniz Külək Enerjisi Yol Xəritəsinə əsasən, Azərbaycanın Xəzər dənizində külək enerjisinin texniki potensialı 157 QVt qiymətləndirilir. Bunun 35 QVt-ı dayaz sularda, 122 QVt-ı isə dərin sularda yerləşir.

Renewables.az


OXŞAR XƏBƏRLƏR