Vətən müharibəsində azad edilən ərazilər “yaşıl enerji zonası”na çevrilir

AZƏRBAYCAN
YAŞIL ENERJİ ZONASI

image

Azərbaycan bu gün Zəfər Gününün 5-ci ildönümünü qeyd edir. 2020-ci ildə qazanılmış tarixi qələbə ölkəmizin yalnız siyasi və hərbi deyil, həm də iqtisadi və enerji müstəqilliyi baxımından yeni mərhələsinin əsasını qoydu.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Yaşıl Enerji Zonası” konsepsiyası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bərpa olunan enerji mərkəzinə çevrilir. Artıq bölgədə bir sıra günəş və külək enerjisi layihələrinə start verilib, enerji infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atılır.

Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan enerji potensialından geniş və səmərəli istifadə çərçivəsində Cəbrayılda ümumi gücü 100 MVt olan "Şəms" və "Üfüq" günəş elektrik stansiyalarının təməli qoyulub, 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyasının icrası istiqamətində işlər davam etdirilir. Kəlbəcərdə isə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədilə “Baltech” şirkəti tərəfindən dəniz səviyyəsindən 3100 metr yüksəklikdə külək potensialının ölçülməsinə başlanılıb.

Cəmi beş il ərzində “AzərEnerji” tərəfindən 12 yerdə 330 və 110 kilovoltluq yarımstansiyalar inşa edilib, 1000 kilometrdən çox ötürmə xətti çəkilib, bölgənin dairəvi enerji təchizatı sistemi qurulub. Bundan əlavə, rəqəmsal idarəetmə mərkəzləri yaradılıb və müasir innovativ texnologiyalar tətbiq olunub.

Su elektrik stansiyaları isə bölgənin “təmiz enerji” təminatının əsas mənbəyidir. Ötən il istehsal olunan 573 milyon kVts elektrik enerjisinin 40 faizi regionun daxili tələbatını ödəyib, 60 faizi isə ölkənin ümumi enerji sisteminə ötürülüb. Su elektrik stansiyalarının ümumi gücünün 500 MVt-a çatdırılması planına uyğun olaraq, indiyə qədər 307 MVt  gücündə 38 stansiya istismara verilib. Onların sırasında 42 meqavatlıq “Zəngilan SES”-lər silsiləsi və 22,5 meqavatlıq “Yuxarı Vəng” SES kimi strateji obyektlər də yer alır. Bu stansiyalardan 14-ü Kəlbəcərdə, 11-i Laçında, 9-u Ağdərədə, 4-ü isə Zəngilanda yerləşir.

Beş il ərzində bu stansiyalarda 1,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib, nəticədə 335 milyon kubmetr təbii qaza qənaət olunub, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Ümumilikdə, azad edilmiş ərazilərdə 50-dən çox enerji obyekti – 12 yarımstansiya və 38 su elektrik stansiyası inşa edilib, daha 8 yeni stansiyanın tikintisinə başlanılıb.

Araz çayı üzərində 100 MVt gücündə “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisinə başlanması üçün tender prosesinə başlanılıb. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək və damüstü panellər hesabına istehsal gücünün 1,6 GVt-a çatması gözlənir, bu isə daxili tələbatdan iki dəfə artıq enerjinin “Cəbrayıl” enerji qovşağı vasitəsilə ixracına və bölgədə yeni imkanların yaranmasına yol açacaq.

“Yaşıl enerji” zonasının yaradılması yalnız bərpa olunan enerjinin inkişafı ilə məhdudlaşmır, eyni zamanda enerji keçidinin bütün komponentlərini təşviq edir. Bu çərçivədə azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb, 200-dən artıq günəş kollektoru, 3000-dən çox enerji səmərəli işıq dirəyi, 20 elektrik doldurma məntəqəsi və “ağıllı” dayanacaqlar istifadəyə verilib. Xüsusilə binaların və fərdi evlərin tikintisində enerji səmərəliliyi prinsipinə ciddi əməl olunur. Bu tədbirlər davamlı xarakter daşıyır və bütün səylərimiz innovativ təcrübənin geniş tətbiqi ilə azad edilmiş əraziləri enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə yönəlib.

Eyni zamanda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları çərçivəsində yeni yaşayış məntəqələrində enerji səmərəliliyi, yaşıl enerji mənbələrinin istifadəsi və müasir texnologiyaların tətbiqi əsas prioritetlərdən biridir.

Beləliklə, Zəfər Günü bu gün həm də Azərbaycanın “yaşıl gələcək” yolunda əldə etdiyi uğurların, azad edilmiş torpaqlarda həyatın və enerjinin yenidən doğuluşunun rəmzinə çevrilib.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR