Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən həyata keçirilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyası (KES) tikintisi layihəsinin iki ilə tamamilə 100 % yerli işçi qüvvəsi ilə idarə olunması təmin ediləcək. Bunu şirkətin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində təşkil olunan "Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar" adlı paneldə deyib.
Onun sözlərinə görə, "ACWA Power" şirkətinin Azərbaycandakı su və külək enerjisi layihələrində yerli işçi qüvvəsinin istifadəsi və bilik transferinə xüsusi önəm verir.
S. Güven bildirib ki, "ACWA Power" artıq 10 ildən çoxdur lokalizasiya siyasətini həyata keçirir və Azərbaycanda icra olunan layihələrdə, o cümlədən külək enerjisi sahəsində əməliyyatların 99 %-i yerli işçilər tərəfindən idarə olunur.
"İki il ərzində layihənin tamamilə 100 % yerli işçi qüvvəsi ilə idarə olunması planlaşdırılır. İlkin mərhələdə yalnız bir xarici mütəxəssis layihəyə cəlb olunacaq və bilik transferini təmin etdikdən sonra mərhələli şəkildə layihədən çıxarılacaq", - deyə S. Güven əlavə edib.