"Yaşıl energetika" sahəsində əməkdaşlıq Özbəkistan və Azərbaycan arasındakı qarşılıqlı fəaliyyətin ən perspektivli istiqamətlərindən biridir.
Bunu Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev "Report"a müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Xəzər dənizinin dibi ilə çəkiləcək infrastrukturdan istifadə etməklə elektrik enerjisinin ixracı layihələrinin həyata keçirilməsi, eləcə də "yaşıl" hidrogen istehsalının inkişaf etdirilərək sonradan Avropa bazarlarına çıxarılması istiqamətində praktiki işlər aparılır: "Özbəkistan, Azərbaycan və Qazaxıstan tərəfindən "yaşıl" enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişin imzalanması mühüm addım oldu. Bu təşəbbüsün praktiki olaraq həyata keçirilməsi üçün Bakıda layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması ilə məşğul olan "Green Corridor Union" birgə müəssisəsi yaradılıb. Layihə çərçivəsində yeni enerji istehsal güclərinin yaradılması nəzərdə tutulur, bu da Özbəkistana gələcəkdə Avropaya 2-5 GVt ekoloji təmiz elektrik enerjisi ixrac etməyə imkan verəcək. Şübhəsiz ki, söhbət əhəmiyyətli investisiyalar və beynəlxalq koordinasiya tələb edən irimiqyaslı və texniki cəhətdən mürəkkəb layihələrdən gedir. Bu layihələrin strateji əhəmiyyətini qiymətləndirmək çətindir .Onlar Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə Avropa İttifaqının enerji bazarına inteqrasiya etməyə, ixrac marşrutlarını şaxələndirməyə və qlobal enerji keçidinə töhfə verməyə imkan yaradacaq".
