"Zabux" və "Qarıqışlaq" kiçik su elektrik stansiyalarında (KSES) indiyədək istehsal edilən elektrik enerjisinin həcmi məlum olub.
Renewables Energetika Nazirliyinə istinadən xəbər verir ki, faliyyətə başladığı dövrdən bu ilin 1 may tarixinədək “Zabux” KSES-də 19,3 milyon kilovat-saat, “Qarıqışlaq” KSES-də isə 17,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Xatırladaq ki, 2024-cü ilin 10 may tarixində Laçın rayonunda Həkəri çayının sağ qolu olan Zabux çayının üzərində yerləşən “Zabux” və “Qarıqışlaq” KSES-ləri istismara verilib. “Zabux” KSES ümumi gücü 2,8 MVt olmaqla, hər biri 0,7 MVt gücündə olan 4 hidroaqreqatdan, “Qarıqışlaq” KSES isə ümumi gücü 4 MVt olmaqla 1 hidroaqreqatdan ibarətdir.
İşğaldan azad edilmiş ərazilərdə yeni su elektrik stansiyalarının istismara verilməsi ölkəmizin enerji potensialında bərpa olunan enerjinin payını artırır. Bu stansiyalarda istehsal olunan yaşıl enerji dayanıqlı və ekoloji cəhətdən təmiz şəhər mühitinin formalaşmasına töhvə verir.
