2024-cü ilin 13 noyabr tarixində COP29 iqlim konfransı çərçivəsində Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı baş tutmuşdur. Sənəddə təmiz hidrogen istehsalı və ölkədaxili istifadəsi imkanları, yaşıl dəhlizlər konsepsiyasında bərpa olunan hidrogenin rolu, dünyada hidrogen texnologiyasının inkişafına dair mövcud vəziyyət və gələcək perspektivlər, sözügedən sahə üzrə regional səviyyədə araşdırmaların aparılması zəruriyyəti və digər önəmli təhlillər öz əksini tapmışdır.
COP29 Sədrliyi tərəfindən beynəlxalq iqlim konfransının Enerji Günü çərçivəsində COP29-un enerji təşəbbüsləri üzrə Nazirlər Görüşü keçirilib. Tədbirdə üç mühüm enerji təşəbbüsü - COP29 Qlobal Enerji Saxlanc və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi rəsmi olaraq təqdim edilib. Hidrogen üzrə Milli Strateji Baxış sənədi COP29 Sədrliyi tərəfindən elan edilmiş Hidrogen Bəyannaməsinə və ölkəmiz tərəfindən həyata keçirilən "yaşıl enerji" dəhlizləri konsepsiyasına uyğundur, eyni zamanda hidrogendən istifadə ilə bağlı gələcək planları özündə əks etdirir. Azərbaycanın strateji olaraq Şərq və Qərb arasında yerləşməsi "yaşıl enerji"nin ixracının həyata keçirilməsini reallaşdıran mühüm üstünlük hesab olunur.
Qeyd etmək lazımdır ki, hidrogenin istehsalı və ondan istifadə sahəsində potensialın öyrənilməsi və bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması tapşırığı 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" sənədində öz əksini tapıb. Bu tapşırığın icrası istiqamətində 2023-cü ildə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə hidrogenin istehsalı və ondan istifadə sahəsində potensialın öyrənilməsinə dair məsləhətçi şirkət tərəfindən "Azərbaycan üzrə Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatı hazırlanıb. Hidrogenin ölkədaxili istehsalı, istehlakı üzrə cari vəziyyət və gələcək ixrac potensialın qiymətləndirilməsi, nəqli, paylanması və saxlanmasına dair texnologiyalar, həmçinin yeni boru kəməri vasitəsilə nəqli üçün texniki iqtisadi qiymətləndirilməsi aparılmış və növbəti addım kimi müvafiq istiqamətdə ölkə üzrə vahid yanaşmanı əks etdirən strateji sənədin hazırlanması tövsiyə olunub.
26 fevral 2025-ci il tarixində Antverpen şəhərində Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən Təmiz Sənaye Sazişi elan edildiyi tədbirdə 100 milyard dollar həcmində kapitala malik Dekarbonizasiya Bankının yaradılması barədə məlumat verilmiş və Aİ-də ən sürətli inkişaf edən iqtisadi sektor kimi "yaşıl hidrogen" üçün istifadə edilən elektrolayzerlərin istehsalı sənayesinə investisiyaların 2024-cü il ərzində əvvəlki illərlə müqayisədə 4 dəfə artırıldığı vurğulanmışdır.
Təmiz hidrogen qlobal enerji keçidində mühüm rola malikdir. Qlobal miqyasda dekarbonizasiya prosesinin sürətləndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi təmiz hidrogen istehsalının əhəmiyyətli dərəcədə artmasına təsir göstərə bilər. Enerji daşıyıcısı olaraq təmiz hidrogendən istifadə istixana qazlarının emissiyalarını azaltmaqla yanaşı, dayanıqlı enerji gələcəyinə keçidi dəstəkləyir. Həmçinin qlobal emissiyaların əhəmiyyətli hissəsini təşkil edən ağır sənaye, nəqliyyat və gəmiçilik kimi elektrikləşdirilməsi çətin olan sektorların karbonsuzlaşdırılması üçün təmiz hidrogendən istifadə önəm daşıyır.
Ölkəmizin zəngin külək və günəş enerjisi resurslarına malik olması "yaşıl hidrogen" istehsalını şərtləndirən əsas amillərdən biri hesab edilir. Əlavə olaraq, mövcud təbii qaz ehtiyatlarından istifadə edilərək karbon tutma və saxlanması (CCS) texnologiyası vasitəsilə mavi hidrogen istehsal oluna bilər. Bu addım ölkəmizin Milli Səviyyədə Müəyyən edilmiş Milli Töhfələr hədəflərinə çatmaq üçün karbon emissiyalarını azaltmaq üzrə uzunmüddətli səyləri dəstəkləyəcək və təmiz enerji tələbatının artdığı Avropa və Asiya regionunda dayanıqlı ixrac bazarının yaranmasına kömək edəcəkdir.
Hidrogen üzrə Milli Strateji Baxış sənədinə əsasən "yaşıl hidrogen"in istehsalına dair üç inkişaf ssenarisi hazırlanıb: balanslaşdırılmış, sürətləndirilmiş və ambisiyalı. Hər ssenari üzrə "yaşıl hidrogen"dən ölkə daxili istifadə və ixrac imkanlarına, eləcə də tələb olunan bərpaolunan enerji gücünə dair qiymətləndirmələr aparılıb.
Belə ki, 2050-ci ilə qədər "yaşıl hidrogen"in istehsalı üzrə balanslaşdırılmış və sürətləndirilmiş ssenarilərə uyğun olaraq 8,9 QVt və 17,7 QVt həcmində bərpaolunan enerji qoyuluş gücü tələb olunur. 2060-cı ilə proqnozlaşdırılan ambisiyalı ssenaridə isə 30 QVt həcmində bərpaolunan enerji həcmlərinin quraşdırılması hədəflənir. Bu məqsədlə, bərpaolunan enerji mənbələrinin quraşdırılmış gücü ilə bağlı hazırda araşdırmalar aparılmaqdadır. Bu hədəflərə nail olmaq üçün dənizdə külək enerjisindən istifadə ilə yanaşı, hibrid şəkildə quruda külək və günəş enerjisindən də istifadə olunması mümkündür. Azərbaycanda dənizdə külək enerjisinin iqtisadi potensialı 38 QVt-a qədər qiymətləndirilir ki, bu da Strateji Baxış sənədi ilə tam uyğunluq təşkil edir.
Strateji Baxış sənədinə əsasən yaxın müddətli fəaliyyətlər nəzərdə tutulmuşdur. Belə ki, hidrogenin ixrac marşrutlarının müəyyənləşdirilməsi, eləcə də boru kəməri vasitəsilə nəql edilməsi imkanları qiymətləndirilib. Bu istiqamətdə Xəzər-Qara Dəniz Enerji dəhlizi və Azərbaycan-Türkiyə-Avropa dəhlizindən istifadə imkanları nəzərdən keçirilir. Bundan əlavə, kimya sənayesində CO2-dən istifadə texnologiyaları üçün artan bazar imkanları mövcuddur. Gələcək infrastruktur ehtiyaclarını nəzərə alaraq dəmiryolu və dəniz limanı vasitəsilə hidrogenin nəqlinin təmin edilməsi imkanları, eyni zamanda dəniz suyunun duzsuzlaşdırılması, həmçinin duzlu suyun idarə edilməsi sahələrində texniki-iqtisadi tədqiqatlar aparılacaqdır.
Sözügedən sənədə əsasən 2040-cı ilə qədər karbamid, metanol və neft emalı zavodlarında mövcud hidrogen tələbatını təmiz hidrogenlə əvəzləmək, həmçinin təmiz hidrogendən gəmiçilik, hava nəqliyyatı, dəmir və polad istehsalında istifadəsi nəzərdə tutulub. Uzunmüddətli perspektivdə (2040-cı ildən sonra) isə təmiz hidrogendən istilik və elektrik enerjisi istehsalı məqsədilə istifadə imkanları qeyd edilib.
Hidrogen Bəyannaməsi təşəbbüsü ölkələrin daxili hidrogen bazarlarını inkişaf etdirərək istehsal qabiliyyətlərinin artırılmasına, bu sahənin inkişafına investisiyaların cəlb edilməsinə və regional bazarların formalaşmasına kömək edəcəkdir. "Yaşıl hidrogen"in istehsalı ölkəmizdə bərpaolunan enerjiyə ehtiyacın artmasına və ənənəvi yanacaqdan asılılığın azalmasına töhfə verəcəkdir. Bu isə öz növbəsində, ölkənin enerji mənbələrinin diversifikasiyası və ətraf mühitin qorunmasını təmin edəcək və qlobal hidrogen iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.
Rəna Hümbətova
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini
Respublika qəzeti
Rəylər (0):