EBRD Azərbaycanın hidrogen strategiyasını dəstəkləmək üçün investisiya mexanizmlərini öyrənir

image

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın Hidrogen üzrə Milli Strategiyasını dəstəkləmək üçün mümkün investisiya mexanizmlərini nəzərdən keçirir.

Renewables.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze deyib.

"Biz hidrogen enerjisinin potensialını araşdırırıq. Hökumətlə tərəfdaşlıq çərçivəsində COP29-da təqdim olunan və bu yaxınlarda dərc edilmiş Hidrogen üzrə Milli Strateji İcmal hazırlamışıq. Təhlil göstərir ki, Azərbaycanın böyük həcmdə bərpa olunan enerji resursları sayəsində aşağı karbonlu hidrogen iqtisadiyyatını inkişaf etdirmək üçün hər cür imkan var. Hazırda biz bu strategiyanı dəstəkləmək üçün mümkün investisiya mexanizmlərini nəzərdən keçiririk.
Digər əsas istiqamət Azərbaycan üçün aşağı karbonlu və iqlimə dayanıqlı enerji yolunun inkişafıdır. Bu, energetikanın inkişafını balanslaşdırmağa kömək edəcək və dekarbonizasiyaya davamlı keçidi təmin edəcək", - N. Mouravidze bildirib.

Onun sözlərinə görə, ölkə artıq “yaşıl gələcəyə” doğru mühüm addımlar atıb və biz bu prosesdə etibarlı tərəfdaş olmaqdan qürur duyuruq: "Biz enerji sektorunda uzunmüddətli və davamlı dəyişiklikləri təşviq edən həm siyasi islahatları, həm də investisiya layihələrini dəstəkləməyə davam edəcəyik".

EBRD nümayəndəliyinin rəhbəri əlavə edib ki, “yaşıl iqtisadiyyat”ın inkişafı Bankın Azərbaycanla bağlı yeni strategiyasının əsas istiqamətlərindən biridir: "Biz təkcə bərpa olunan enerji layihələrini maliyyələşdirmirik, həm də davamlı keçid üçün zəruri olan normativ-hüquqi bazanın formalaşdırılması üzrə dialoqda fəal iştirak edirik.

Bu istiqamətdə mühüm addımlardan biri də dəstəklədiyimiz bərpa olunan enerji layihələri üçün hərrac modelinin tətbiq edilməsidir. Azərbaycanda ilk belə hərrac ötən il keçirilib və onun qalibi Bakıda keçirilən COP29 konfransında elan edilib. Bu, sektorun inkişafında mühüm mərhələ oldu. Bundan başqa, biz enerji bazarında şəffaflığın və rəqabətin təmin edilməsində mühüm rol oynayan Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) yaradılması istiqamətində hökumətlə sıx əməkdaşlıq etmişik".

İnvestisiyalara gəlincə, N. Mouravidze vurğulayıb ki, bu günə kimi EBRD “Qaradağ” GES (230 MVt, “Masdar”), “Xızı-Abşeron” GES (240 MVt, “ACWA Power”), “Biləsuvar” GES (445 MVt, “Masdar” və “SOCAR Green”), “Neftçala” GES (315 MVt, “Masdar” və “SOCAR Green”) daxil olmaqla, 1,2 GVt bərpa olunan enerji gücünü əhatə edən layihələri dəstəkləyib.

"Bu layihələr Azərbaycanın elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payını 2030-cu ilədək 30 %-ə çatdırmaq strategiyasının bir hissəsidir. Biz şəffaflıq, ətraf mühit və korporativ idarəetmə standartlarına cavab verməsi şərti ilə bərpa olunan enerji mənbələri ilə bağlı yeni təşəbbüsləri maliyyələşdirməyi davam etdirməyə hazırıq. Mühüm istiqamət olan elektrik şəbəkəsi infrastrukturunun modernləşdirilməsi daha çox “yaşıl enerji”nin ölkənin enerji sisteminə inteqrasiyasına imkan verəcək", - o vurğulayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *