24 fevral tarixində qar yağmasına baxmayaraq Qaradağ Günəş Elektrik Stansiyası (GES) 230 meqavat maksimal gücə çataraq yüksək məhsuldarlıq göstərib.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, qarsız, ancaq buludlu hava şəraitində keçmiş 19 fevral tarixində gün ərzində 224.4 meqavat-saat enerji istehsal olunduğu halda, 24 fevral tarixində eyni göstərici 1494.9 meqavat-saata yüksəlmişdir.
Bəs qarlı hava günəş panellərinin enerji istehsalına necə təsir edir?
Stansiyada panellərin maili yerləşdirilməsi və səthinin sürüşkən olması qarı asanlıqla təmizləyir. Soyuq hava isə panellərin daha səmərəli işləməsinə kömək edir və onların performansını artırır.
Müasir günəş panellərinin arxa səthi də elektrik enerjisi istehsal edir. Yer səthi qarla örtüldüyündən və ağ rəng günəş şüasını maksimum əks etdirdiyindən günəş panellərinin əlavə işıq qəbul etməsinə səbəb olur. Beləliklə, açıq səma şəraitində qarlı havada panellər gözləniləndən daha çox enerji istehsal edir.
Bir çox insan düşünür ki, qarlı hava günəş panellərinin enerji istehsalını tamamilə dayandırır. Amma günəş panellərinin əksəriyyəti kifayət qədər qalın alüminium çərçivəyə və temperaturun dəyişməsinə davamlı ön şüşəyə malik olduğundan qarlı hava şəraiti onlara təsir göstərmir. Bununla da, qarlı havada belə enerji istehsalı mümkün olur.
Rəylər (0):