Avropa Komissiyası kritik xammal materiallarının (nadir torpaq elementləri, kobalt, litium və s.) tədarükünün təhlükəsizliyini təmin etmək məqsədilə "RESourceEU" Fəaliyyət Planını qəbul edib.
Plan oktyabr ayında Berlin Qlobal Dialoqunda elan edilmiş və Kritik Xammal Materialları Aktına (CRMA) əsaslanaraq müvafiq layihələrin sürətləndirilməsini, həmçinin strateji asılılıqların azaldılmasını nəzərdə tutur.
Sənaye sektorunu geosiyasi və qiymət şoklarından qorumaq üçün 2026-cı ilin əvvəlində Avropa Kritik Xammal Materialları Mərkəzi yaradılacaq. Mərkəz CRM təchizat zəncirləri üzrə məlumat bazası formalaşdıraraq investisiya, ehtiyat toplama və birgə alış mexanizmləri barədə qərarların verilməsinə dəstək olacaq. Bundan əlavə, Xammal Platforması şirkətlərə tələbin birləşdirilməsi və offtake (alıcı) sazişlərinin təmin olunmasında kömək göstərəcək. Komissiya üzv dövlətlərlə birgə CRM ehtiyatlarının koordinasiyalı şəkildə formalaşdırılması üzərində də işləyir və pilot sxemin gələn ilin əvvəlində işə düşməsi gözlənilir.
Aİ növbəti 12 ay ərzində qısa müddətdə alternativ tədarük mənbələri yarada biləcək konkret layihələrə 3 milyard avroya qədər vəsait yönləndirəcək. Artıq Avropa İnvestisiya Bankı və üzv ölkələrlə birgə prioritet layihələrin – Almaniyada "Vulcan" şirkətinin litium çıxarılması layihəsi və "Greenland Resources"in "Malmbjerg molibden" layihəsinin – maliyyələşdirilməsi sürətləndirilib.
Plan həmçinin eyni fikirdə olan tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsini, təchizatın diversifikasiyasını və sənaye əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.
Bu qərar fonunda, eyni zamanda, Aİ-nin Rusiyadan qaz idxalını daimi olaraq dayandıracağı, həmçinin Rusiya neftindən mərhələli şəkildə imtina ediləcəyi barədə Avropa Parlamenti və Şura arasında ilkin siyasi razılıq əldə olunub.
Razılaşmaya əsasən, Rusiyanın maye təbii qaz (LNG) tədarükü 31 dekabr 2026-ya, boru kəməri ilə qaz isə 30 sentyabr 2027-yə qədər mərhələli şəkildə dayandırılacaq. Zəruri hallarda üzv dövlətlər bu müddəti 31 oktyabr 2027-yə qədər uzada biləcək.
Avropa Komissiyası bildirib ki, 2027-ci ilin noyabrına qədər Aİ Rusiyadan qaz idxalını tam və qəti şəkildə dayandırmış olacaq.
