İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji”yə keçid” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.
İİTKM-nin məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, akademik dairələrin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.
Monoqrafiyanın elmi redaktoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı, rəyçiləri isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Eldar Quliyev və Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadədir.
Kitabda “yaşıl enerji”yə keçid şəraitində Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətinin mahiyyəti, strukturu, prioritetləri və perspektivləri geniş təhlil olunub. Monoqrafiyada ölkənin xarici şirkətlərlə əməkdaşlığı, beynəlxalq “yaşıl keçid” proseslərinə verdiyi töhfələr, COP29 çərçivəsində irəli sürülən təşəbbüslər və qəbul edilən qərarlar elmi əsaslarla araşdırılıb və qiymətləndirilib.
Kitab enerji təhlükəsizliyi, xarici siyasət və “yaşıl enerji” keçidi sahəsində fəaliyyət göstərən mütəxəssislər, diplomatlar, müəllim və tələbələr, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Monoqrafiya üç əsas fəsildən ibarətdir: Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətinin formalaşması və inkişaf mərhələləri, Azərbaycanın enerji sektorunun strukturu və enerji təhlükəsizliyi siyasətinin prioritetləri, Azərbaycan Respublikasında “Yaşıl enerji”yə keçidin müasir vəziyyəti və perspektivləri.
Təqdimat mərasimində kitabın ölkənin enerji strategiyası və “yaşıl enerji” keçidi üzrə elmi-nəzəri və praktiki baxımdan mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
