"Azərenerji"nin 7 KSES-ində səmərəlilik aşağı olub: texniki-iqtisadi əsaslandırmalar aparılmayıb

AZƏRBAYCAN

image

Hesablama Palatasının rüblük bülletenində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində aparılmış auditin nəticələrinə dair məlumatlar dərc olunub.

Hesabata əsasən, kiçik su elektrik stansiyaları (KSES) üzrə layihələr prioritet investisiya siyahısına daxil edilməzdən əvvəl texniki-iqtisadi əsaslandırmalar aparılmayıb. Nəticədə tikintisi başa çatmış 7 stansiyada istehsal gücündən istifadə cəmi 14,7-46 % arası səviyyəsində olub ki, bu da gəlirliliyin azalmasına və xərclərin artmasına səbəb olub.

““Ağbulaq”, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik Stansiyalarının tikintisi layihəsi üzrə layihəsmeta sənədlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ekspertizasından keçirilməsi təmin edilsə də, layihənin icrası prosesində ümumi norma həddi gözlənilməklə toplu smetada nəzərdə tutulmayan işlər və xərclər üçün planlaşdırılmış məbləğin bütövlükdə tikintiquraşdırma işləri üzrə satınalma müqaviləsinə və yerinə yetirilmiş işlərin qəbulu aktına daxil edilməsi əlavə işlərin icrasına şərait yaratmışdır. “Şayıflı”, “Sarıqışlaq”, Zəngilan”, “Cahangirbəyli”, “Ağbulaq”, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik Stansiyaları üzrə satınalma prosesində bəzi işlərin dəyərinə smetada nəzərdə tutulmayan işlərə və müvəqqəti bina və qurğulara nəzərdə tutulmuş vəsaitdən yaranan qənaətin, layihə-smeta sənədləri ilə müəyyənləşdirilmiş tikinti-quraşdırma işlərindən icra edilməyən hissənin və satınalma prosesində iş həcmlərinə daxil edilməyən işlərin dəyərinin əlavə edilməsi icra edilmiş işlərin dəyərinə də təsir göstərmiş, bəzi hallarda dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin və tikinti normativlərinin tələbləri gözlənilməmişdir,” - məlumatda bildirilib.

Auditlə əhatə olunan 6 Kiçik Su Elektrik Stansiyalarının 2023-cü ildə, 1 Kiçik Su Elektrik Stansiyasının isə 2024-cü ildə tikintisinin başa çatmasına və balansa götürülüb istifadə edilməsinə baxmayaraq istismara qəbul edilməsi ilə bağlı işlər tamamlanmamışdır.

Hesablama Palatası aşkar edilmiş nöqsanların aradan qaldırılması, stansiyaların istehsal gücünün artırılması və xərclərin optimallaşdırılması istiqamətində tədbirlərin görülməsini tövsiyə edib.



OXŞAR XƏBƏRLƏR