Bərpa olunan enerji ilk dəfə kömürdən çox elektrik istehsal edib

DÜNYA

image

Dünyanın külək və günəş elektrik stansiyaları ilk dəfə olaraq kömür elektrik stansiyalarını geridə qoyaraq daha çox elektrik enerjisi istehsal edib. Bu, qlobal enerji sistemində dönüş nöqtəsi kimi qiymətləndirilir. Məlumatlar iqlim yönümlü “Ember” analitik mərkəzinin hesabatında yer alıb.

Hesabata görə, 2025-ci ilin ilk altı ayında bərpa olunan enerji mənbələri dünyada artan elektrik tələbatını üstələyib və bunun nəticəsində kömür və qazdan istifadədə cüzi azalma müşahidə olunub.

Dünya üzrə günəş enerjisi istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 30 % artaraq qlobal elektrik tələbatındakı artımın 83 %-ni təmin edib. Külək enerjisində isə 7 %-dən çox artım qeydə alınıb və bu da bərpa olunan mənbələrin ilk dəfə olaraq qalıq yanacaqları əvəz etməsinə imkan yaradıb.

“Ember”in baş analitiki Małgorzata Viatros-Motyka bildirib ki, bu hadisə “kritik dönüş nöqtəsi”dir: “Günəş və külək enerjisi artıq dünyanın artan elektrik tələbatını ödəmək üçün kifayət qədər sürətlə inkişaf edir. Bu, təmiz enerjinin tələbat artımı ilə ayaqlaşdığı yeni bir mərhələnin başlanğıcıdır”.

Hesabata əsasən, bərpa olunan enerjinin bu yüksəlişinə əsasən Çin və Hindistan rəhbərlik edib. ABŞ və Avropa isə hələ də qalıq yanacaqlardan asılı vəziyyətdə qalıb.

“Ember”in məlumatına görə, Çin 2025-ci ilin ilk yarısında dünyanın qalan hissəsindən daha çox bərpa olunan enerji gücü əlavə edib və nəticədə kömür və qaz istifadəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2 % azalıb.

Eyni dövrdə Hindistanın bərpa olunan enerji istehsalı elektrik tələbatını üç dəfədən çox üstələyib və bu da ölkədə kömürdən istifadənin 3,1 %, qazdan istifadənin isə 34 % azalmasına səbəb olub.

Bunun əksinə olaraq, ABŞ-da elektrik tələbatı bərpa olunan enerji artımını geridə qoyub və nəticədə kömürlə istehsal olunan elektrik 17 % artıb.

Avropa İttifaqında isə enerji tələbatı cüzi artmasına baxmayaraq, hava şəraiti ilə bağlı külək və hidroenerji istehsalında azalma səbəbindən, artan günəş enerjisi belə qaz və kömür istehsalının müvafiq olaraq 14 % və 1,1 % yüksəlməsinin qarşısını ala bilməyib.

Renewables.az


OXŞAR XƏBƏRLƏR