Biləsuvar GES layihəsinə 1500 nəfər yerli əməkdaşın cəlb edilməsi planlaşdırılır

AZƏRBAYCAN
GÜNƏŞ

image

Azərbaycan dünyada ənənəvi enerji resurslarının ixracatçısı kimi tanınsa da, ölkəmizin bərpaolunan enerji mənbələri üzrə yüksək potensialının olduğu da sirr deyil. Hesablamalara əsasən, ölkədə bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt olduğu halda, dənizdə 157 QVt-yə bərabərdir. Təkcə Günəş enerjisi üzrə Azərbaycanın iqtisadi potensialı 23 min MVt qiymətləndirilir. 2025-ci ilin yanvar-avqust aylarında ölkədə Günəş elektrik stansiyalarında 407,9 milyon kVts elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 8 ayının göstəriciləri ilə müqayisədə 13 faiz çoxdur. Sözsüz ki, 2023-cü ilin sonunda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının fəaliyyətə başlaması rəqəmlərin artmasına müsbət təsir göstərib. 

Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə Azərbaycan öz yaşıl enerji layihələrini bu bölgəyə də yaymağa başladı. 240 MVt gücündə olan "Şəfəq" Günəş Elektrik Stansiyasının təməl daşı atıldı və hazırda tikitisi davam etdirilir. 

Bərpaolunan enerji layihələri bununla bitmir. İndi Biləsuvarda ölkənin ən böyük Günəş Elektrik Stansiyası (GES) tikilir və burada artıq ilk panellər quraşdırılıb. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev hazırda həyata keçirilən yaşıl enerji layihələri ilə bağlı ən son yenilikləri “vergiler.az”ın oxucuları ilə bölüşüb. 

- Cavid müəllim, Biləsuvar GES nə qədər enerji istehsal edəcək və bu, bölgənin iqtisadiyyatına necə təsir göstərəcək?

- Əvvəlcə onu vurğulayım ki, Biləsuvar GES həm istehsal gücü, həm də istifadə edilən texnologiyaların miqyası baxımından regionun ən böyük günəş enerji layihələrindən biri olacaq. Stansiyanın 2026-cı ilin birinci yarısından istismara verilməsi planlaşdırılır və həmin ilin sonundan şəbəkəyə tam gücü ilə elektrik enerjisi ötürüləcək. Biləsuvar GES Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5 faizini təmin edəcək və gücü 445 meqavat olacaq. Digər tərəfdən, stansiya bölgədə yaşayan insanların məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərəcək. Belə ki, Biləsuvardan olan 1500 nəfər yerli əməkdaşın layihəyə cəlb edilməsi planlarımız arasındadır. Bununla yanaşı, Günəşdən əldə olunacaq enerji hesabına müəyyən həcmdə qaz resurslarına qənaət etmək mümkün olacaq.

Biləsuvar GES həm istehsal gücü, həm də istifadə edilən texnologiyaların miqyası baxımından regionun ən böyük günəş enerji layihələrindən biri olacaq

- Stansiya ərazisində neçə panel quraşdırılacaq və bunlar hansı ölkədən tədarük edilir?

- Biləsuvar GES-in ümumi sahəsi 1400 hektar olacaq. Burada Çin istehsalı olan 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur ki, onların da xüsusi bir özəlliyi var. Gücü 625-630 Vt təşkil edən panellərin hər iki üzü elektrik enerjisi istehsal edə bilir. Bundan əlavə, stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik həyata keçiriləcək.

- Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr barədə nə deyə bilərsiniz?

- Cəbrayıldakı Günəş elektrik stansiyaları ilə bağlı yeniliklər var. BP şirkəti ilə birgə həyata keçirilən 240 meqavatlıq "Şəfəq" GES-in ərazisində artıq bütün mobilizasiya işləri başa çatıb və tikinti işlərinə start verilib. Bununla yanaşı, elə həmin rayondakı "Şəms" və "Üfüq" stansiyaları ilə bağlı mobilizasiya məsələləri də yekunlaşıb və işlər intensivləşdirilib. Bu iki stansiyanın hər birinin gücü 50 meqavat olacaq.

İndiyədək "Qaradağ" Günəş Elektrik Stansiyasında 1 milyard kVt-saat elektrik enerjisi istehsal edilib

- Artıq 2 ilə yaxındır ki, "Qaradağ" Günəş Elektrik Stansiyası istismardadır. Gözləntilər real rəqəmlərlə uzlaşırmı?

- Qeyd etdiyiniz stansiya istismara veriləndə məqsədimiz ildə yarım milyard kVt-saat elektrik enerjisi əldə etmək idi. Yaxın günlərdə bu layihənin istismara verilməsinin 2 ili tamam olur. Bilirsiniz ki, Azərbaycan 2030-cu ilə kimi qoyuluş gücündə bərpaolunan enerjinin mənbələrdən istifadə edən stansiyaların payını 30 faizə çatdırmağı hədəfləyir. Proseslər planlaşdırılan sürətlə davam edərsə, bu göstəriciyə daha tez, yəni 2027-ci ilin sonuna qədər nail ola bilərik. Ayrıca olaraq, bu stansiya hesabına illik 110 milyon kubmetr təbii qaza qənaət ediləcək və 200 min tondan artıq karbon emissiyasının ətraf mühitə atılmasının qarşısı alınacaq. Bununla yanaşı, 110 min evdə işıq buradan əldə edilən enerji hesabına təmin ediləcək.



OXŞAR XƏBƏRLƏR