BOEMDA: Azərbaycan dayanıqlı enerji mərkəzi kimi mövqeyini gücləndirir

AZƏRBAYCAN

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə keçirilən “Gözləntilərdən etimada: Təmiz hidrogen üçün qaydaların, standartların və təhlükəsizlik mexanizmlərinin qurulması” seminarında və Qaz Mütəxəssisləri Qrupunun 13-cü sessiyasında iştirak edib.

Renewables-a bu barədə BOEMDA-dan məlumat verilib.

Rəna Hümbətova çıxışında qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi Avropa İttifaqı ilə əməkdaşlığını neft və qaz ixracından elektrik enerjisi və gələcəkdə yaşıl enerji ixracına qədər genişləndirir: “Azərbaycan 2032-ci ilə qədər 8 GVt bərpa olunan enerji gücü yaratmağı və əlavə qaz həcmlərini qlobal bazara yönəltməyi hədəfləyir. Ölkəmiz eyni zamanda yaşıl enerji və hidrogen ixracını təmin edəcək regional enerji dəhlizləri formalaşdıraraq dayanıqlı enerji mərkəzi kimi mövqeyini gücləndirir. Təhlükəsiz və proqnozlaşdırıla bilən tələbat yalnız təbii qaz üçün deyil, həm də Avropa İttifaqına elektrik enerjisi idxalı üçün qorunub saxlanılmalıdır. Təbii qaz təchizatının şaxələndirilməsi ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda, eyni strateji yanaşmanın təmiz elektrik enerjisi və yaşıl molekullar sahəsinə də tətbiq edilməsi eyni dərəcədə vacibdir”.

Çıxışda həmçinin yaşıl enerji və hidrogen ticarətinin inkişafı üçün qanunvericiliyin uyğunlaşdırılması və tərəfdaş ölkələr arasında vahid sertifikatlaşdırma yanaşmasının yaradılmasının vacibliyi vurğulanıb.

Renewables.az


OXŞAR XƏBƏRLƏR