Energetika Nazirliyi təsərrüfat subyektlərində və binalarda (qurğularda) enerji auditinin keçirilməsi üzrə ixtisas attestatı əldə etmək istəyənlərə çağırış edir.
Nazirliyin məlumatına görə, ixtisas attestatı əldə etmək üçün energetika və ya iqtisadi sahələrdə ali təhsil və müvafiq ixtisas üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur.
Fiziki şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (enerji auditi üzrə təşkilat) bu barədə Energetika Nazirliyinə müraciət etməlidir.
Enerji auditoru ixtisas attestatının əldə edilməsi üçün müraciətlər minenergy@minenergy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir. Müraciət və attestatın əldə edilməsi ödənişsizdir.
İmtahanın yeri, tarixi və saatı, həmçinin növbəti keçiriləcək imtahanlara dair məlumatlar Nazirliyin www.minenergy.gov.az rəsmi internet səhifəsində elan ediləcəkdir.
Attestasiya Proqramı və İxtisas attestatını əldə etmək üçün Bələdçi ilə Nazirliyin rəsmi internet saytında enerji səmərəliliyi bölməsinin “Enerji auditi” alt bölməsindən tanış ola bilərsiniz.
