Çin Qobi səhrasında dünyanın ilk iki qülləli günəş-termal elektrik stansiyasını istifadəyə verib

DÜNYA
GÜNƏŞ

image

Çin bərpa olunan enerji sahəsində yeni bir rekorda imza atıb. Ölkə Qobi səhrasında dünyanın ilk iki qülləli günəş-termal elektrik stansiyasını işə salıb.

Layihə “China Three Gorges Corporation” şirkəti tərəfindən hazırlanıb. Bu yeni nəsil enerji kompleksi günəş və külək enerjisini birləşdirərək ölkənin təmiz enerji istehsalını artırmaq məqsədi daşıyır.

Qobi səhrəsi ildə 3 min saatdan çox günəş işığı alır və çox az yağıntı ilə fərqlənir. Bu səbəbdən səhrə böyük miqyaslı günəş enerjisi layihələri üçün ideal ərazidir.

Yeni stansiyada 200 metr hündürlüyündə iki qüllə və onların ətrafında yerləşən 27 min güzgü (heliostat) var. Güzgülər günəş şüalarını qüllələrin zirvəsinə yönəldərək 570°C temperatur yaradır. Toplanan istilik enerji daşıyıcısında saxlanılır və buxar vasitəsilə turbinləri hərəkətə gətirir.

Bu texnologiya sayəsində stansiya günəş batdıqdan sonra və buludlu havalarda da elektrik istehsalını davam etdirə bilir.

Mütəxəssislərin sözlərinə görə, iki qülləli sistem tək qülləli modellərlə müqayisədə təxminən 25 faiz daha səmərəlidir. Səhər saatlarında şərq qülləsi, günortadan sonra isə qərb qülləsi günəş enerjisini toplayır.

Layihə həm də regionda yaradılan genişmiqyaslı bərpa olunan enerji mərkəzinin bir hissəsidir. Buradakı günəş və külək parkları birlikdə yarım milyon ev təsərrüfatını elektriklə təmin edəcək.

Renewables.az


OXŞAR XƏBƏRLƏR