Azərbaycan böyük enerji şəbəkəsi quraraq regiona sabitlik gətirmək niyyətindədir. Bunu BƏƏ-nin "Masdar" şirkətinin ölkə meneceri, "Masdar Azerbaijan"nın direktoru Murad Sadıxov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə deyib.
Onun sözlərinə görə, Azərbaycanın hədəfi yalnız "yaşıl enerji"nin ixracı ilə məhdudlaşmır: "Yaşıl enerji" ixracı əsasən Avropaya yönəlib. Amma Azərbaycan Mərkəzi Asiya ölkələri ilə də sazişlər imzalayıb. Beləliklə, Azərbaycan həm Mərkəzi Asiyaya bağlanır, həm də oradan Avropaya çıxış imkanı yaradır. Bu ambisiya yalnız ixracla bitmir. Məqsəd daha böyük bir enerji şəbəkəsi qurmaq, həmin şəbəkənin bir hissəsinə çevrilmək və bununla bütün regiona sabitlik gətirməkdir".
M. Sadıxov qeyd edib ki, Azərbaycan bu prosesin mərkəzində enerji qovşağı kimi çıxış edərək, qitələr arasında enerji keçidində mühüm rol oynayacaq: "Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya üçün böyük əhəmiyyət kəsb edir".
Onun sözlərinə görə, hökumətlər sabit enerji istəyir: "Sabit olmayan enerjinin heç bir dəyəri yoxdur. Sabit enerji isə hər şey deməkdir. Məhz buna görə dizayn elə qurulub ki, həm "Masdar"a, həm də digər bərpa olunan enerji investorlarına şəbəkəyə çıxış imkanı verilsin. Bununla davamlı və sabit enerji təmin olunsun".
Menecer qeyd edib ki, 2022-ci ildə Azərbaycan və "Masdar" arasında imzalanmış sazişlə şirkət "yaşıl enerji" bazarını öyrənməyə başlayıb: "Daxili tələbatı, mümkün ixrac marşrutlarını müəyyən etdik, həmçinin bərpa olunan enerji keçidini təşviq etmək üçün müxtəlif ssenarilər altında görülməli olan addımları hazırladıq. Azərbaycanın tarixində ilk dəfə aparılan araşdırma ilə (şəbəkə (grid) araşdırması) biz Azərbaycanın statik və dinamik rəqəmsal modelini yaratdıq. İndi isə "Azure Energy" və təbii ki, "Masdar" uzunmüddətli perspektivdə lazım olan məlumatlara çıxış əldə edib.
Məhz bu şəkildə 2027, 2030 və digər mərhələlər ortaya çıxıb. Çünki topladığımız bütün məlumatlarla biz mərhələli yanaşmanı qura bildik. Həmçinin biz müxtəlif ssenarilər hazırladıq ki, bu, təkcə şəbəkədəki dar boğazları aradan qaldırmağa imkan verməyib, həm də bunu daha dayanıqlı və möhkəm şəkildə həyata keçirməyə şərait yaradıb".
O qeyd edib ki, bu, Azərbaycan hökumətinin böyük dəstəyi və yüksək ixtisaslı insan resursları olmadan mümkün deyil: "Çünki Azərbaycan uzun illər dünya miqyasında aparıcı enerji ölkəsi olub, innovasiyalara rəhbərlik edib. İndi görürük ki, bu innovasiyalar bərpa olunan enerji vasitəsilə həyata keçirilir. Azərbaycan istər şəbəkə əməliyyatları olsun, istərsə də digər məsələlər –hökumət hazırda şəbəkənin yenilənməsinə böyük sərmayə qoyur. Yəqin ki, eşitmisiniz, hökumət tezliyin və enerji axınının idarə edilməsi üçün iki ən böyük batareya saxlama sisteminin tikintisini üzərinə götürüb. Bu da sistemin gücünü, davamlılığını və dayanıqlığını daha da artıracaq".
Onun sözlərinə görə, şirkət həmçinin sərmayədarların bu sahəyə cəlb edilməsinə dair məsləhətlər verir: "Bizim layihələr yerinə yetirilərkən yerli qanunvericilik nəzərə alınır. Azərbaycan hökuməti bizə tapşırıq verib ki, biz sistemi hamı üçün adaptasiya edək. Hazırda yaxşı nümunələrimiz var. Bərpa olunan enerji ilə bağlı bir çox sərmayələr yerli ekspertlərlə işləyib hazırladığımız layihələr əsasında həyata keçirilir".
