Azərbaycanın yaşıl enerji sahəsi ABŞ investorları üçün yeni imkanlar açır. Bu barədə AZƏRTAC-a müsahibəsində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza danışıb.
Hazırkı qlobal şəraitdə enerji, nəqliyyat və ticarət sahələrində ABŞ-Azərbaycan əməkdaşlığının irəliləməsi barədə suala cavabında Metyu Brayza qeyd edib ki, ABŞ-Azərbaycan tərəfdaşlığı artıq strateji xarakter daşıyır və onu daha da dərinləşdirmək üçün mühüm potensial mövcuddur: “Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan güclü iqtisadi islahatlar və investisiya mühiti bu əməkdaşlığın inkişafı üçün əsas amildir. İqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və digər nazirlər Azərbaycanın investisiya cəlbediciliyini artırmaq istiqamətində ardıcıl iş aparırlar. Bu, ABŞ biznesi üçün çox önəmlidir”.
Ekspertin sözlərinə görə, Azərbaycanın yaşıl enerji, nəqliyyat və mədənçilik sahələri ABŞ investorları üçün yeni imkanlar açır: “Hazırda bərpaolunan enerji layihələrində Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri fəaldır. ABŞ şirkətləri hələlik bu sahəyə daxil olmayıblar, amma mən inanıram ki, yaxın illərdə bu dəyişəcək. Azərbaycanın “Green Energy Company” (AGEC) kimi özəl şirkətləri də külək və günəş enerjisi üzrə xarici tərəfdaşlarla işləməyə maraqlıdır”.
